Medianews.az
İmran Xanın oğlu dünya ictimaiyyətinə müraciət etdi
185 baxış

İmran Xanın oğlu dünya ictimaiyyətinə müraciət etdi

Pakistanın sabiq baş naziri İmran Xan haqqında söz-söhbət səngimək bilmir. Noyabrın 26-da onun həbsxanada öldürüldüyü haqda şayiələr yayılıb. Rəsmən təkzib edilsə də, ailə üzvləri və tərəfdarları hələ də ciddi narahatlıq bildirən açıqlamalarla çıxış etməkdədirlər.

Medianews.az-ın məlumatına görə, noyabrın 27-də İmran Xanın oğlu Qasım atasının vəziyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə, insan hüquqlarını müdafiə edən qurumlara müraciət ünvanlayıb.

Qasım Xan atasının 845 gündür həbsdə saxlandığını, son altı həftədə isə təkadamlıq kamerada tam təcrid edildiyini, informasiya blokadasına alındığını bildirib.

Onun sözlərinə görə, məhkəmə qərarlarına baxmayaraq, İmran Xanın bacıları hələ də həbsxanada onunla görüşə buraxılmır: “Nə telefon zəngi var, nə görüş. Atamın sağ olduğuna dair gerçək bir dəlil ortaya qoyulmayıb. Mən və qardaşım da atamla heç bir şəkildə əlaqə qura bilmirik”.

O bildirib ki, ailənin İmran Xanın sağlamlığı barədə məlumat ala bilməməsi “təhlükəsizlik protokolları ilə izah oluna bilməz”. Müraciətdə bu vəziyyət “qəsdən yaradılmış informasiya müəmması” kimi qiymətləndirilib.

Qasım Xan hakimiyyəti atasının təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb:

O, dünya ictimaiyyətini, beynəlxalq insan haqları təşkilatlarını və demokratik institutları dərhal bu vəziyyətə müdaxilə etməyə çağırıb.

Qasım Xan müraciətini “Pakistanın ən populyar siyasi liderinin həyatı risk altındadır” sözləri ilə tamamlayıb.

1952-ci il təvəllüdlü İmran Xan Pakistan hökumətinə 2018-2022-ci illərdə rəhbərlik edib. 2023-cü ilin yayından həbsdədir, 14 il müddətinə azadlıqdan məhrum olunub. Ona qarşı bir sıra ittihamlar irəli sürülüb, əsas ittiham korrupsiya ilə bağlı olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun