Medianews.az
Hər an müharibəyə hazır olmağın bir yolu da budur -
1,352 baxış

Hər an müharibəyə hazır olmağın bir yolu da budur - AÇIQLAMA

Gənclərin hərbə hazırlığı hərbi xidmətdən kənarda – təhsil müəssisələrində də aparılır. Vaxtilə ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı var idi. Tələbələri buna ali təhsil müəssisələrindəki hərbi kafedralar hazırlayırdı. 2018-ci ilin oktyabrında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklə tələbələrin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ləğv olunub, ali təhsil müəssisələrindəki hərbi kafedralar bağlanıb. Lakin ümumi təhsil müəssisələrində ibtidai hərbi hazırlıq dərsləri - “Gənclərin çağırışaqədərki hazırlığı” fənni qalır.

Hərbi ekspert Üzeyir Cəfərov Medianews.az-a açıqlamasında bildirib ki, gənclərin çağırışaqədərki hazırlığı çox ciddi və aktual məsələdir: “Bugünlərdə Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə dedi ki, biz hər an müharibəyə hazır olmalıyıq, çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bəli, doğrudan da vəziyyət belədir. Ölkəmiz, dövlətimiz hər an hər cür təhdidə, təhlükəyə hazır olmalıdır”.

Bəs, hərbi xidmətə yollanan gənclərin orta məktəbdə bu sahədə lazımi qədər bilik, bacarıq əldə etdiyi görünürmü, duyulurmu?

Ü.Cəfərovun sözlərinə görə, əvvəllər bu, daha bariz duyulurdu: “Hərbi xidmətə istər orta, istərsə də ali məktəbi bitirib gələn gənclərin müəyyən qədər hazırlıqlı olduğu görünürdü. Təəssüf ki, indi bu sahədə çatışmazlıqlar var. Əsas problemlərdən biri ondadır ki, dərslər daha çox nəzəri əsasda keçilir. Halbuki çağırışa hazırlığın praktik əsaslarını da təşkil etmək, onu praktik cəhətdən möhkəmləndirmək üçün bizim hər cür imkanımız var. Ölkəmizin müdafiə sənayesi müəssisələri bütün məktəblərimizi təlim silahları, təlim minaları ilə, digər gərəkli avadanlıqlarla təchiz etmək gücündədir. Sadəcə təhsilə cavabdeh məmurların buna təşəbbüs göstərməsi lazımdır. Onlar isə buna elə də həvəsli görünmürlər, sanki tənbəllik edirlər, ibtidai hərbi hazırlıq dərslərinə formal yanaşırlar.

Fikirləşmək lazım deyil ki, gənclər onsuz da gedib orduda lazımi vərdişləri, bilikləri mənimsəyəcəklər. Yox, dövlət çağırışaqədərki hazırlıq fənni müəyyənləşdirib, cavabdeh şəxslər onun mükəmməl səviyyədə tədris olunmasını təmin etməlidirlər. Gənclərin çağırışaqədərki hazırlığı ən yüksək səviyyədə olmalıdır. Mütəmadi şəkildə şagirdlər təlimlərə, məşqlərə cəlb edilməli, onların arasında yarışlar keçirilməlidir.

Bu dərslər tək oğlanlar üçün yox, qızlar üçün də əhəmiyyətlidir. Əvvəla, qızlarımız belə dərslərin sayəsində ən azı ilkin tibbi yardımı mənimsəməlidirlər. İkincisi, bəlkə gələcəkdə onlardan hansısa hərbi sahəyə üz tutacaq, hərbi qulluqçu, zabit olmaq istəyəcək. Bu baxımdan xanımlarımızın da orta məktəbdə hərbi bilik-bacarıqları mümkün qədər geniş mənimsəməsi vacibdir”.

Ü.Cəfərov hesab edir ki, əslində orta ixtisas təhsili və ali təhsil ocaqlarında da hərbi dərslər olmalıdır: “Şəxsən mən bütün universitetlərdə də olmasa, ən azı aparıcı ali təhsil müəssisələrində hərbi kafedraların bərpasına tərəfdaram. Gənclərin hərbə hazırlanmasında belə kafedralar çox böyük rol oynaya bilər”.

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun