Medianews.az
Həbsinə qərar verilən sabiq baş nazir müavini –
199 baxış

Həbsinə qərar verilən sabiq baş nazir müavini – Abbas Abbasova ittiham

2025-ci ilin dekabrında baş nazirin sabiq birinci müavini Abbas Abbasovun şərti olaraq “Ramiz Mehdiyev işi” adlandırılan cinayət işi üzrə axtarışa verildiyi haqda məlumat dərc etmişdik.

Medianews.az bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fevralın 12-də Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi cəhdinin qarşısının alınması barədə yaydığı açıqlama həmin məlumatı təsdiqləyir və əlavə detallar haqda da bilgi verir.

Aydın olur ki, Abbas Abbasov nəinki axtarışa verilib, həm də Azərbaycan ərazisindən kənarda olduğu və istintaqdan gizləndiyi üçün məhkəmə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib.

Abbas Abbasovun nədə ittiham olunduğu da bəlli olur: o, Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

278.1-ci maddə Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Abbas Aydın oğlu Abbasov 1949-cu il avqustun 4-də Kirovabad (Gəncə) şəhərində doğulub (atası Dağ Qarabağın Malıbəyli kəndindən, anası gəncəlidir).

1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (Azərbaycan Dövlət Aqrar Universiteti) bitirib. Həmin il Respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlayıb. 1972-1973-cü illərdə hərbi xidmətdə olub.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistanda quşçuluq təsərrüfatında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub.

1991-ci ilin dekabrında Azərbaycan Respublikasının aqrar siyasət üzrə dövlət müşaviri təyin edilib.

1992-ci ildən Azərbaycanın baş nazirinin birinci müavini vəzifəsində çalışıb. 2006-cı ildə baş nazirin birinci müavini vəzifəsindən azad edilib.

1990-1995-ci illərdə parlamentin deputatı olub.

Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilib.

Abbas Abbasov Nazirlər Kabinetini tərk edəndən Rusiya paytaxtı Moskvada yaşayır.

2012-ci ildə Rusiya Azərbaycan Təşkilatları İttifaqı adlı qurum təsis edib və Azərbaycanda “Milyarderlər İttifaqı” kimi tanınan bu qurumun rəhbəri olub.

Məlumatlara görə, o, 2013-cü ildən Azərbaycana gəlmir.

Medianews.az

Bizə qoşulun