Medianews.az
İnternetin sürəti: Azərbaycan irəliləyib,
69 baxış

İnternetin sürəti: Azərbaycan irəliləyib, amma provayderlər dəyişikliklər etməsələr...

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın yanvar ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində artaraq orta hesabla 89.88 Mbit/s-ə çatıb.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov məsələ ilə bağlı Medianews.az-a açıqlamasında bildirib ki, bu, illik sürətin 34% artımı deməkdir: “Ötən ilin yanvar ayında göstərici 66.83 Mbit/s idi. Eyni dövr üzrə Bakı şəhərinin göstəricilərinə nəzər salsaq, 32% artımla 67.54 Mbit/s-dən 89.29 Mbit/s-ə yüksəldiyini görmüş oluruq.

Bakı ilə regionların ortalamasının eyni olması birmənalı olaraq “rəqəmsal bərabərsizliyin” aradan qaldırılması istiqamətində görülən işlər, o cümlədən 1 il bundan qabaq yekunlaşmış “Online Azərbaycan” layihəsinin nəticəsidir. Qurulan infrastruktur 10G, 20G və 50G PON kimi texnologiyaların tətbiqini təmin edir. Başqa sözlə desək, “limit is the sky”, yəni limitsiz imkanlar təmin edir.

Bunlar öz yerində. Amma bu dinamikanın “doymuşluq həddinə” çatdığını görürük. Əgər provayderlər dəyişikliklər etməsələr artım dinamikasında dəyişiklik gözləmək, yumşaq desək, mənasız olacaq.

Əvvəllər də qeyd etdiyim kimi, İKTA internet provayderlərinin sürət göstəricilərini dərc etdiyi hesabatda cəmi 5 provayderin 90 Mbit/s-dən yuxarı sürət verdiyini müşahidə edirik. Köhnəlmiş infrastrukturlarını yeniləməyən provayderlər təkcə istehlakçıya yetərsiz xidmət təqdim etmir, həm də ölənin beynəlxalq imicini zərbə altında qoyur.

Provayderlər istehlakçılara sürət paketlərinin təqdim edilməsi yanaşmasını da dəyişməlidirlər. Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Yüksəksürətli internet paketlərinin daha əlçatan olması üçün provayderlər müvafiq paketlər üzrə tarif strukturuna yenidən baxmalı, qiymət və sürət balansını şəbəkənin davamlı inkişafını təmin edəcək şəkildə optimallaşdırmalıdırlar”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun