Medianews.az
Gəncləri hərbə kimlər və necə hazırlayır? -
906 baxış

Gəncləri hərbə kimlər və necə hazırlayır? - AÇIQLAMA

İstər təhsil, istərsə də gənclərin hərbi xidmətə hazırlığı məsələsində bir mövzu müəyyən qədər diqqətdən kənarda qalmış kimi görünür: orta məktəblərdə tədris olunan ibtidai hərbi hazırlıq dərsləri, daha doğrusu, “Gənclərin çağırışaqədərki hazırlığı” fənni.

Bu məsələyə diqqət ayıran Medianews.az öncə mövzunu hərbi ekspert Üzeyir Cəfərovla işləyib. Hazırda gənclərin hərbə hazırlığı sahəsində çatışmazlıqların olduğunu sözyləyən Ü.Cəfərov bildirib ki, əsas problemlərdən biri dərslər daha çox nəzəri əsasda keçilməsidir: “Halbuki çağırışa hazırlığın praktik əsaslarını da təşkil etmək, onu praktik cəhətdən möhkəmləndirmək üçün bizim hər cür imkanımız var. Ölkəmizin müdafiə sənayesi müəssisələri bütün məktəblərimizi təlim silahları, təlim minaları ilə, digər gərəkli avadanlıqlarla təchiz etmək gücündədir. Sadəcə təhsilə cavabdeh məmurların buna təşəbbüs göstərməsi lazımdır. Onlar isə buna elə də həvəsli görünmürlər, sanki tənbəllik edirlər, ibtidai hərbi hazırlıq dərslərinə formal yanaşırlar.

Fikirləşmək lazım deyil ki, gənclər onsuz da gedib orduda lazımi vərdişləri, bilikləri mənimsəyəcəklər. Yox, dövlət çağırışaqədərki hazırlıq fənni müəyyənləşdirib, cavabdeh şəxslər onun mükəmməl səviyyədə tədris olunmasını təmin etməlidirlər. Gənclərin çağırışaqədərki hazırlığı ən yüksək səviyyədə olmalıdır. Mütəmadi şəkildə şagirdlər təlimlərə, məşqlərə cəlb edilməli, onların arasında yarışlar keçirilməlidir.

Bu dərslər tək oğlanlar üçün yox, qızlar üçün də əhəmiyyətlidir. Əvvəla, qızlarımız belə dərslərin sayəsində ən azı ilkin tibbi yardımı mənimsəməlidirlər. İkincisi, bəlkə gələcəkdə onlardan hansısa hərbi sahəyə üz tutacaq, hərbi qulluqçu, zabit olmaq istəyəcək. Bu baxımdan xanımlarımızın da orta məktəbdə hərbi bilik-bacarıqları mümkün qədər geniş mənimsəməsi vacibdir”.

Mövzunu davam etdirən  Medianews.az saytı Eım və Təhsil Nazirliyinin mətbuat xidmətinə bir sıra suallarla müraciət edib:

  • Hazırda “Gənclərin çağırışaqədərki hazırlığı” fənni ümumi təhsil müəssisələrinin neçənci siniflərində və həftədə neçə saat tədris olunur?
  • “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi üçün maddi-texniki baza nə səviyyədədir?
  • Kadr potensialı necədir? Bu fənni əsasən kimlər tədris edir?
  • “Gənclərin çağırışaqədərki hazırlığı” fənnindən dərs deyən müəllimlərin arasında qadın müəllimlər də varmı?

Elm və Təhsil Nazirliyindən Medianews.az-a bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, çağırışaqədərki hazırlıq fənni ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində, yəni X-XI siniflərdə tədris olunur: “Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə hər tədris ili üçün təsdiqlənən ümumi təhsil müəssisələrinin tədris planlarına əsasən, çağırışaqədərki hazırlıq fənni həftədə 2 (iki) saat olmaqla tədris edilir.

Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiqlənmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin 5-ci bəndinə əsasən, hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Adları çəkilən ixtisaslı mütəxəssislər olmadıqda, istisna kimi, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir”.

Elm və Təhsil Nazirliyinin bildirdiyinə görə, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrinin hərbi hazırlıq kabinetlərini lazımi vəsait və avadanlıqlarla təchiz edir və atıcılıq tirlərindən, poliqonlardan ibtidai hərbi hazırlıq məşğələlərinin səmərəli keçirilməsi məqsədilə təhsil müəssisələrinin pulsuz istifadə etməsinə icazə verir: “Səhiyyə Nazirliyi isə yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrini tibbi hazırlıq üzrə tələb olunan bütün ləvazimatlarla, sanitar çantaları, xərəkləri və s. ilə təchiz edir.

“Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin 6-cı bəndinə əsasən, Elm və Təhsil Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə tədris prosesinin təşkilini və ibtidai hərbi hazırlığa dair fənnin keyfiyyətinin yüksəldilməsi, pedaqoji və hərbi biliklərin artırılması, gənclərin təlim-tərbiyəsində tələb olunan professionallığın, metodiki ustalığın və hərbi vətənpərvərlik tərbiyəsi işinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə hərbi rəhbərlərin ixtisasının artırılmasını təmin edirlər. Hərbi rəhbər fəaliyyətə başlamazdan əvvəl hərbi hissədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram üzrə bir aylıq istiqamətverici toplanış keçməlidir.

Əsasnamənin 7-ci bəndinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sözügedən fənnin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkili və keçirilməsi üçün təhsil müəssisələrini tədris avtomatları, kiçik çaplı tüfənglər və patronları, tədris texnikası, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları ilə təmin edir. Çağırışaqədərki hazırlıq fənni üzrə həm qadın, həm də kişi təhsilverənlər mövcuddur”.

Medianews.az xatırladır ki, vaxtilə ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı da olub. Tələbələri buna ali təhsil müəssisələrindəki hərbi kafedralar hazırlayıb. 2018-ci ilin oktyabrında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklə tələbələrin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ləğv edilib, ali təhsil müəssisələrindəki hərbi kafedralar bağlanıb.

Bəzi ekspertlər, ocümlədən Ü.Cəfərov orta ixtisas təhsili və ali təhsil ocaqlarında da hərbi dərslərin olmasına tərəfdardır.  

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun