Medianews.az
Fasiləsiz xəbər izləmək beyni bu vəziyyətə salır -
152 baxış

Fasiləsiz xəbər izləmək beyni bu vəziyyətə salır - Azərbaycanlı psixoloqdan xəbərdarlıq

Bir neçə il əvvəl xəbərləri əsasən qəzetlərdən, televiziyalardan və xəbər saytlarından əldə edirdik. Bu gün isə informasiya hər yerdədir. Telefon bildirişləri, sosial media, xəbər saytları və süni intellekt platformaları gün ərzində insanları yüzlərlə məlumatla qarşılaşdırır. İnformasiya bolluğu bir tərəfdən xəbərlərə çıxışı asanlaşdırsa da, digər tərəfdən insan beyninin emal edə biləcəyindən daha çox məlumat yükü yaradır. Psixoloqların "məlumat yorğunluğu" (information fatigue) adlandırdığı bu vəziyyət bəzi insanlarda xəbərlərdən şüurlu şəkildə uzaqlaşmaq, yəni "xəbərdən yayınma" (news avoidance) davranışına səbəb ola bilir.

Bəs "məlumat yorğunluğu" əslində nədir? Beyin həddindən artıq informasiya axınına necə reaksiya verir? Bu vəziyyət insanın psixoloji durumuna, diqqətinə və gündəlik qərarlarına necə təsir edir? Saatlarla sosial şəbəkələrdə mənfi xəbərləri izləməklə xarakterizə olunan "doomscrolling" davranışının arxasında hansı psixoloji mexanizmlər dayanır?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Medianews.az-a açıqlamasında bildirib ki, müasir dövrdə insan tarixdə heç vaxt olmadığı qədər böyük informasiya axını ilə qarşı-qarşıyadır: “Beynimiz daima yeni məlumatları qəbul etməyə və emal etməyə çalışır. Halbuki insan beyninin diqqət və informasiya emalı imkanları məhduddur. Məlumat axını bu həddi aşdıqda “məlumat yorğunluğu” adlandırılan psixoloji vəziyyət yaranmağa başlayır. Məlumat yorğunluğu insanın çoxlu informasiya ilə qarşılaşdığı üçün diqqətini toplamaqda çətinlik çəkməsi, qərar verməkdə tərəddüd etməsi, zehni yorğunluq hiss etməsi və emosional tükənmə yaşaması ilə xarakterizə olunur. Beyin daim yeni məlumatları seçmək, onları qiymətləndirmək və hansının daha vacib olduğuna qərar vermək məcburiyyətində qalır. Bu proses uzun müddət davam etdikdə koqnitiv resurslar tükənməyə başlayır. Nəticədə insan oxuduğu məlumatları əvvəlki qədər yaxşı yadda saxlamır, diqqəti tez yayınır, məhsuldarlığı azalır və hətta ən sadə qərarları vermək belə çətinləşir.

İnformasiya bolluğu yalnız zehni yorğunluq yaratmır. O, insanın emosional vəziyyətinə də ciddi təsir göstərir. Xüsusilə müharibə, cinayət, iqtisadi problemlər, xəstəliklər və digər neqativ xəbərlərin davamlı izlənilməsi narahatlıq səviyyəsini yüksəldə, təhlükə hissini gücləndirə və gələcəklə bağlı pessimist gözləntilər formalaşdıra bilər. İnsan reallıqda təhlükəsiz mühitdə yaşasa belə, davamlı mənfi xəbərlərlə qarşılaşdıqda beyin bunu sanki real və yaxın təhlükə kimi qəbul edə bilir. Bu isə stress hormonlarının artmasına, gərginliyə və emosional yorğunluğa səbəb olur”.

Psixoloq qeyd edib ki, belə hallarda bəzi insanlar xəbərləri tamamilə izləməməyə başlayırlar: “Psixologiyada buna “news avoidance” adlanan davranış deyilir. Bu, bəzən psixikanın özünü həddindən artıq informasiya yükündən qorumaq üçün istifadə etdiyi müdafiə mexanizmlərindən biri hesab olunur. İnsan məlumatın çoxluğundan, ziddiyyətli xəbərlərdən və mənfi emosiyalardan yorulduğu üçün xəbərlərdən uzaqlaşmağa çalışır. Lakin xəbərlərdən tamamilə uzaq durmaq da sağlam yanaşma deyil. Vacib ictimai hadisələrdən xəbərsiz qalmaq qərarvermə prosesinə və sosial həyata mənfi təsir göstərə bilər. Əsas məqsəd məlumatdan imtina etmək deyil, onun istehlakını balanslaşdırmaqdır.

Son illərdə geniş yayılan “doomscrolling” davranışı da bu problemin mühüm hissəsidir. “Doomscrolling” insanın sosial şəbəkələrdə və ya xəbər platformalarında ardıcıl şəkildə əsasən mənfi xəbərləri uzun müddət izləməsi deməkdir. Maraqlıdır ki, insan bunun özündə narahatlıq yaratdığını hiss etsə də, yenə də oxumağa davam edir. Bu davranışın arxasında bir neçə psixoloji mexanizm dayanır. Əvvəla, insan beyni təkamül baxımından təhlükə siqnallarına daha həssasdır. Mənfi xəbərlər diqqətimizi müsbət xəbərlərdən daha çox cəlb edir. Buna psixologiyada “neqativlik meyli” deyilir. Digər tərəfdən, insan təhlükəni nə qədər yaxşı izləsə, özünü bir o qədər təhlükəsiz hiss edəcəyini düşünür. Halbuki praktikada bunun əksi baş verir. Mənfi xəbərlərin fasiləsiz izlənilməsi narahatlığı azaltmır, əksinə, daha da artırır və insan yenidən məlumat axtarmağa başlayır. Beləliklə, bir növ psixoloji dövr yaranır və insan həmin dövrədən çıxmaqda çətinlik çəkir. Sosial media platformalarının işləmə prinsipi də bu prosesi gücləndirir. Alqoritmlər istifadəçinin diqqətini daha uzun müddət platformada saxlamaq üçün emosional reaksiya doğuran məzmunu daha çox göstərir. Nəticədə insan fərqinə varmadan saatlarla eyni mövzuda mənfi xəbərləri izləyə bilir. Bu isə həm vaxt itkisinə, həm də psixoloji gərginliyin artmasına səbəb olur”.

E.Rüstəmov vurğulayıb ki, məlumat yorğunluğunun qarşısını almaq üçün informasiya gigiyenası formalaşdırmaq vacibdir: “Gün ərzində xəbərləri müəyyən edilmiş vaxtlarda izləmək, etibarlı mənbələrdən istifadə etmək, sosial media istifadəsinə vaxt məhdudiyyəti qoymaq, yatmazdan əvvəl mənfi xəbərləri izləməmək və gün ərzində rəqəmsal fasilələr vermək beynin bərpasına kömək edir. İnsan bütün məlumatları bilməyə çalışmamalıdır. Əsas məsələ daha çox xəbər almaq deyil, etibarlı, dəqiq və faydalı məlumat əldə etməkdir.

Müasir dövrdə informasiya bolluğu qaçılmazdır. Lakin psixoloji sağlamlıq baxımından əsas məsələ informasiyanın miqdarı deyil, onun necə idarə edilməsidir. Rəqəmsal dünyada informasiya savadlılığı ilə yanaşı, psixoloji informasiya gigiyenası da hər bir insan üçün vacib həyat bacarığına çevrilib”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun