Baş nazir Əli Əsədov “Kinematoqrafiya haqqında” Qanuna edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Medianews.az xəbər verir ki, qərara əsasən, "Filmlərin yayımı və nümayişi Qaydaları"nda redaktə xarakterli dəyişiklik edilərək "müştərək" ifadəsi hüquqi termin olan "birgə istehsal edilən" sözləri ilə əvəz olunub.
Eyni zamanda, sənədlərdəki köhnəlmiş "istehsalçı", "film istehsalçısı" və "birgə istehsalçı" sözləri daha müasir və beynəlxalq anlayış olan "prodüser" termini ilə əvəzlənib.
Digər mühüm dəyişikliklə isə dövlət tərəfindən xərcləri qismən geri ödənilən filmlərin əhatə dairəsi dəqiqləşdirilib. Belə ki, müvafiq qaydaların adı dəyişdirilərək, bu mexanizmin yalnız "Xarici və birgə istehsal filmlərinin" xərclərinin geri ödənilməsinə aid olduğu konkretləşdirilib.