Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib ki, ölkədə ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir.

Nazir müavini vurğulayıb ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır.
Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bu nikbinliyə şübhə etdiyini vurğulayıb.

N.Cəfərli bildirib ki, problem arzu-istəklə deyil, əməli addımlarla aradan qalxa bilər:
“2020-ci ildə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 646 min 600 baş olub. 2026-cı ildə isə say 2 milyon 435 min 500 başa düşüb. Deməli, son altı ildə 211 min 100 baş azalma var.
2020-ci ildə ölkə üzrə qoyun və keçilərin sayı 8 milyon 189 min 200 baş olub, 2026-cı ildə 6 milyon 757 min 800 başa düşüb. Altı ildə qoyun-keçilərin sayı 1 milyon 431 min 400 baş azalıb.
Bəs son 6 ildə nə baş verib ki, mal-qara, qoyun-keçi sayı belə kəskin şəkildə azalıb? Səbəblər nədir? Bu nəticəni, tendensiyanı dəyişmək üçün hansı addımlar atılmalıdır?
Problemləri təsbit etmək və ən vacibi onları aradan qaldırmaq üçün düşünülmüş, işlək plan-proqram tərtib olunmalıdır. Yəni nəticədən danışmaq azdır, o nəticəni yaradan səbəblər aradan qaldırılmalıdır. Səbəb dəyişməsə, nəticə də dəyişməyəcək”.
Nailə Qasımova,
Medianews.az