İran Ermənistan arasında tunel tikintisi ilə bağlı işlərə start verilməsi 2022-ci ilin 21 oktyabrını xatırlatdı. O zaman Qərbi Zəngəzurda, Qafan şəhərində tez-tələsik İranın Baş konsulluğunun açılış mərasimi oldu, hələ suvağı qurumayan tikilinin qarşısında şarlı, lentli tədbir keçirdilər. İşlər o qədər natamam şəkildə həyata keçirilmişdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan o zaman İran XİN-ə başçılıq edən Hüseyn Əmir Abdullahianla birgə tikilinin qapısından içəri keçib, vəziyyətlə tanış olmağa lüzum görməmişdilər. Tələskənliyin səbəbi...torpaqlarını işğaldan azad etmiş, işğalçının şərti sərhədlər boyunca – həmin ilin 12-14 sentyabrında düşmənə növbəti sarsıdıcı zərbə vurulmuşdu - burnunu ovan Azərbaycanın üstün mövqedə olması idi. İrandakı anti-Azərbaycan qüvvələr hesab edirdilər ki, guya yarımtikilidə konsulluq qurmaqla Azərbaycanın növbəti planlarının qarşısını alacaqlar, Ermənistanda da işğal dönəmində onlar üçün nəfəslik rolunu oynayan hamilərindən çətin gündə dəstək olacaqlarını zənn edirdilər. Amma sonrakı gedişat göstərdi ki, Azərbaycanın legitim hədəflərinə çatmasına heç bir qüvvə mane ola bilməz, necə ki, nə Şurnuxu postunun qurulmasına, nə Xankəndidə separatizmin kökünün kəsilməsinə, nə də digər planlarımıza mane olmağa kimsənin hünəri, yaxud baş konsulluğu çatdı...
İndi də Ermənistanla tunel işbirliyi başlanıb. Ötən həftə Ermənistan hökuməti və İran podratçıları ölkənin cənubundakı Sünik (Zəngəzur) bölgəsində 7,2 kilometrlik tunelin tikintisinə başlayıblar. Məlumatda deyilir ki, tunel Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun (EFSD) krediti ilə tikilən Əkərək - Kacaran avtomobil yolunun bir hissəsi kimi tikiləcək.
Tikinti işlərinin başlanması münasibətilə Aqarak (Əkərək)-Kacaran (Qacaran) avtomobil yolunda keçirilən mərasimdə Ərazi İdarəetmə Naziri David Xudatyan və Tunel Sadd Ariana və Abad Rahan Pars International Group tikinti şirkətlərinin nümayəndələri simvolik başlanğıc düyməsini basıblar. İran və Ermənistan bayraqlarını əks etdirən tüstü-duman hər iki ölkənin təmsilçilərini məmnun edib. Amma bu, nmə tələskənlikdir belə? Düzdür, bu barədə anlaşma yeni deyildi və barəsində çoxdan danışılırdı. Amma ABŞ-nin İran atdığı raketlərin düyməsinin basıldığı, bir sıra ünvanlarda sığınacaqlarda, tunellərdə, bunkerlərdə daldalanmaq üçün yarış getdiyi günlərdə İran təmsilçiləri Ermənistanda tunelin düyməsini sıxırdılar, maraqlıdır, elə deyilmi?..
Məsələn, Azərbaycan və İran arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, Araz çayı üzərində tikilmiş Ağbənd – Kəlalə körpüsündə də işlər yekunlaşıb. Bu körpü iki ölkə arasındakı şərti Araz dəhlizinin bir hissəsidir. Ancaq mart ayında açılışı nəzərdə tutulan körpüdən səs-soraq yoxdur, əsas səbəb yəqin ki, fevralın sonlarından başlayan müharibə və hələ də sülh danışıqlarına etimadın olmamasıdır. Necə olur ki, belə bir məqamda İran və Ermənistan arasında tunel anlaşması işə düşür?
Məlumata görə, Əkərək - Kacaran avtomobil yolu iki sahədən ibarətdir. Birincisi, Əkərəkdən (İranla sərhəddə) Kacarana qədər 32 kilometrlik avtomobil yoludur. Bu hissənin böyük hissəsi artıq tikilib. Uzunluğu boyunca iki tunel və 15-dən çox körpü tikilir. Yolun bu hissəsi Kajarandan təxminən 7 km cənubda bitir. Buradan ikinci lotda yolu Kacaran şəhərinə qədər uzadacaq 7,2 km uzunluğunda tuneldə tikinti başlayır. Tikintinin başa çatma tarixləri hələ dəqiqləşdirilməyib. Nəticədə, İran sərhədindən Kacarana səyahət müddəti təxminən yarım saat azalacaq. Bildirilir ki, yol İran sərhədindən Ermənistanın Gürcüstan sərhədinə qədər uzanacaq Şimal-Cənub magistral yolunun bir hissəsidir.
Məlumata görə, yolun hər iki lotu Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun krediti ilə tikilir. Birinci lot üçün fond 2015-ci ildə 150 milyon, ikinci lot üçün isə 2024-cü ildə illik 4% ilə 200 milyon dollar, 5 illik güzəşt müddəti ilə 20 ilə qədər müddətə kredit ayırıb. Təsəvvür edin, 2020-ci ilin noyabrında üzərinə öhdəlik götürsə də, Zəngəzur dəhlizində daşı daş üstə qoymayan, üstəlik, Vaşinqtondakı 2025-ci ilin 8 avqustundakı razılaşmalardan sonra da hələlik “var-gəl edən” Ermənistan yolun 15 dəqiqə - yarım qısaldılmasından ötrü belə böyük layihənin icrasına qərar verir, özü də İranla...Niyə? Ötən həftələrdə İrandan Ermənistana davamlı şəkildə Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıqlar, təhdidlər yağdırılırdı. Bəlkə Ermənistanın gözünün odunu aldıqları üçün İrəvan da tez-tələsik tikintiyə start verib, nə bilmək olar?..
Bu yerdə xatrladaq ki, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu 2009-cu ildə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan tərəfindən təsis edilib. Fondun resursları Avrasiya İnkişaf Bankı (AİB) tərəfindən idarə olunur. Ali qərarverici orqan üzv ölkələrin maliyyə nazirlərindən ibarət Şuradır. Beləliklə, adı çəkilən qurumun ayırdığı kredit hesabına Ermənistanla İran arasında layihə gerçəkləşdiriləcək.
Qeyd edək ki, Ermənistanda sərhəd yaxınlığında Mığrı və Əkərək şəhərləri var. Ermənistan Respublikası tərəfdən olan sərhəddə, İran turistlərinin Ermənistanı ziyarət etdiyi “Karçevan” nəzarət-buraxılış məntəqəsi mövcuddur. İran İslam Respublikasının tərəfində “Norduz” nəzarət-buraxılış məntəqəsi yerləşir. Sərhəd Azərbaycanın Naxçıvan Muxatriyyatı ilə sərhəd qovaşağından başlayır və Azərbaycanın Zəngilan rayonu istiqamətdə İranla sərhəd qovşağına qədər davam edir. Bundan əvvəl “Norduz”da da təmir-bərpa işləri aparılmışdı. Ermənistan hər şeyi edir ki, İranın ürəyincə olsun...Amma Zəngəzur dəhlizi ilə bağlı bütün hüquqi, təşkilati, maliyyə və s. işlər həyata keçirilsə də, Ermənistan dəhlizin 42 km-lik hissəsində işlərə ən azı payız-qış aylarında başlanılacağını bildirir. Niyə uzadırlar, kimin sifarişidir, bəlli deyil...
Gülməlisi budur ki, Zəngəzur dəhlizi məsələsi gündəmə gələndən sonra bir ovucluq Ermənistanda tunel tikmək istəməyən ölkə qalmayıb. Bir müddət əvvəl Ermənistan və Fransa arasında nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş yeni razılaşmanın əldə olunduğu açıqlandı. Bildirildi ki, Fransanın lideri Emanuel Makronun İrəvana dövlət səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Bu sənədlər arasında “Şimal - Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi hesab olunan Bərgüşad tunelinin tikintisinə dair saziş də yer alıb. Bərgüşad tuneli Zəngəzur silsiləsində yerləşir və Qərbi Zəngəzurun Qacaran, Qafan və Sisian rayonlarının ərazisini əhatə edir.
Buradakı layihə də çox çətin coğrafi relyefdə iş aparılması hesabına Ermənistanı bir neçə dəqiqə və km “qabağa düşürməyə” hesablanıb. Ermənistana gələn deyir “qoy səninçün bir tunel tikim”. Buna Ermənistanı tunellə özlərinə bağlamaq siyasəti deyərlər... Tunel həvəskarlığı həm də onunla bağlıdır ki, ölkənin üst hissəsi Rusiyanın monopoliyasındadır, dəmiryollarından, havasına, sərhədlərinə qədər...Ermənistanda mövcud olmaq istəyən himayədarları da məcbur olub yerin təkinə gedirlər. Ya da uzağı baş konsulluq tikirlər. Necə ki, İran arzusuna çatdı, Fransanın da gözü Gorusda qalıb...
Ermənistan isə belə oyuncaq işlərlə baş qatmamalı, Zəngəzur dəhlizində işlərə başlamalıdır! Azərbaycan xəbərdarlıq edib və dəhlizin ölkəmiz ərazisindəki tikintisi başa çatmaq üzrədir...Ermənistanın davam etdirdiyi “tunel siyasəti” işıqlı gələcəyə aparmaya da bilər. Dolayısı ilə “sülh kəsişməsi” adlı absurda baş vurmağa cəhd göstərirlər. Azəbaycanın ideya müəllifi olduğu Zəngəzur dəhlizinin reallaşması isə bütün ölkələri məmnun edəcək...15 dədiqə qənaət etməyə görə bu qədər “gücə düşməyə” – kreditə girməyə dəyməzdi...
Elşad PAŞASOY