ABŞ-ın NVİDİA texnologiya şirkəti Ermənistanda süni intellekti inkişaf etdirmək üçün 500 milyon dollarlıq müqavilə bağlamışdı.
2026-cı ildə NVİDİA Ermənistanda Blackwell GPU-ları ilə təchiz olunan və 100 meqavatdan çox gücə malik Süni İntellekt Mərkəzi qurmalıdır.
Layihənin məqsədi Ermənistanı süni intellekt üzrə qabaqcıl mərkəzə çevirmək, yeni texnologiyalarla yerli iqtisadiyyatı canlandırmaq, innovasiya mühitini gücləndirmək və qlobal bazara çıxış üçün dayanıqlı platforma formalaşdırmaqdır.

Maraqlıdır ki, indi bu əməkdaşlığın daha da dərinləşməsilə bağlı məlumatlar yayılır.
Artıq süni intellekt sahəsində bu dünya nəhəngi şirkətin Ermənistana 1.5 milyard dollar investisiya yatıracağı haqda açıqlamalar gözə dəyir.

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Medianews.az-a deyib ki, 1.5 milyard dollar Ermənistan üçün, region üçün çox böyük investisiyadır, süni intellektin inkişafı üçün hədsiz böyük imkandır: “Düşünürəm ki , bütün bunlar reallaşsa, Ermənistanın regional rəqabətdə önə çıxmaq şansı olacaq. Ermənistan məhz bu sektoru inkişaf etdirməklə, NVİDİA ilə birbaşa əməkdaşlıqla iqtisadi imkanlarını qısa zamanda gücləndirmək xətti götürüb.
Həm də dolayısıyla bütün bunlar Ermənistanı investorlar, startaplar və qlobal şirkətlər üçün, beynəlxalq universitetlər üçün daha cəlbedici texnoloji mərkəzə çevirə biləcək.
Açıq desəm, büdcəsini, iqtisadi vəziyyətini qısa zamanda gücləndirən Ermənistanda, güman ki, revanş meylləri də güclənəcək, bizə olmasa da, gələcək nəsillərə problem yarada bilər”.
O.Gündüz qeyd edib ki, Azərbaycanda son illərdə süni intellekt sahəsində müəyyən canlanma var: “Strategiya qəbul edilib. İnfrastruktur layihələri icra olunur. Dövlət tərəfindən müəyyən resurslar ayrılır. Amma bunlar çox məhddudur.
Görünən odur ki, ciddi ləngimələr, pərakəndəlik var bu sektorda. Sanki hər bir dövlət qurumu, hər bir şirkət özü üçün süni intellekt sahəsində nəsə edir. Dövlət sektorunun biznesə dəstək vermək əvəzinə özünün nəsə etmək istəyi daha çox müşahidə olunur.
Koordinasiyasızlıq, resursların məhdudluğu, bəsit layihələrə üstünlük verilməsi isə ciddi narahatlıq doğurur. Ümid edirəm sektorun inkişafına cavabdeh olanlar, həm də milli təhlükəsizliyə cavabdeh qurumlarımız və qərar qəbul edənlərimiz də bunların, regionda baş verənlərin fərqindədir”.
Nailə Qasımova,
Medianews.az