Medianews.az
Enerji, yoxsa təhlükə? –
217 baxış

Enerji, yoxsa təhlükə? – Azərbaycanda bu içkilərlə bağlı XƏBƏRDARLIQ

Enerji içkiləri sağlamlığa necə təsir edir, cəmiyyətdə bu içkilərlə bağlı ən çox rast gəlinən yanlış təsəvvürlər hansılardır? Xüsusilə uşaq və yeniyetmələrə bu içkilər hansı riskləri yaradır?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, enerji içkilərinin üstünə hamilə qadınlara, zəif insanlara, xəstələrə, uşaqlara tövsiyə olunmadığ yazılır: “Yaxşı, bəs burada məntiq haradadır? Zəifə zərərli olan güclü adama xeyir verərmi? Birdəfəlik deyək ki, burada heç bir məntiq yoxdur. Hətta bəzi populyar enerji içkilərinin adı elə ingilis dilindən tərcümədə "cəhənnəm" deməkdir. Bu da hər şeyi özlüyündə izah edir.

Dünyada yeni bir məhsul çıxanda, əgər insanı dərhal öldürmürsə, böyük şirkətlər aqressiv reklam kampaniyasına başlayırlar. Hazırda bütün dünyada insan sağlamlığı arxa plana keçib, əsas məsələ biznesdir. Ona görə də bu cür içkilər, bu cür məmulatlar bütün dünyada rahatca yayılır. Bir də axı bunların tərkibində alışqanlıq yaradan maddələr var.

Çox yaxşı haldır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hələ 3 il qabaq həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən enerji içkilərinin tərkibində alışqanlıq yaradan maddələrin maksimum həddini müəyyən edib. Özü də ümumdünya göstəricisindən çox aşağı bir həddə limit qoyulub ki, təsirin, zərərin qarşısı az da olsa alınsın. İndi Azərbaycandakı energetik içkilər həmin standartla istehsal olunur, yəni tərkibində asılılıq yaradan maddələr nisbətən azdır və daha az təhlükəlidir”.

E.Hüseynov qeyd edib ki, heç bir dərman və ya energetik içki bədənə xaricdən hazır enerji gətirmir: “Dərmanlar da, bu kimi içkilər də sadəcə insanın bədənindəki hormonları aktivləşdirir. İnsanın öz bədəni hormon buraxır. Əhvalın yaxşılaşması, yaxud yuxusuzluq və ya başqa halların hamısı insanın öz daxili hormonları hesabına baş verir. Kənar maddələr isə sadəcə qıcıqlandırıcı rol oynayır, bədəni qıcıqlandırır.

Vərdiş yaradan içkilərdən belə geniş istifadə olunması yanlışdır. Şükür ki, məktəb bufetlərində bunların satışı qadağan edilib. Amma harada tələb varsa, təklif də olacaq. Ona görə mən valideynlərə, müəllimlərə, insanlara tövsiyə edirəm ki, elə edin uşaqlar buna heç öyrəşməsinlər. Evinizdə, soyuducuda belə içkiləri qətiyyən saxlamayın. Körpələr, uşaqlar heç bilməsinlər ki, belə bir içki var. Əgər çox israr eləsələr, istəsələr, içinə bir az istiot qatın verin, bir qurtum içib birdəfəlik iyrənsinlər. Çox uşağa mən şəxsən bunu tövsiyə edirəm.

Sözün qısası, bu, heç də arzuolunan bir içki deyil. Ümumiyyətlə, “Coca-Cola”, “Pepsi”, “Fanta” – rənglənmiş içkilərin hamısı zərərlidir. Elə “Coca-Cola”nın zərəri bəlkə bunlardan da çoxdur. Biz də istehlakçı hüquqlarını qoruyan bir təşkilat olaraq həmişə “Coca-Cola”nın və digərlərinin antireklamını edirik ki, camaat bundan az yararlansın. Digər rənglənmiş, şirin içkilər də zərərlidir. İnsanlar bunlardan uzaq durmalıdırlar”.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun