Şou-biznesin tanınmış siması, Əməkdar artist Ruhəngiz Allahverdiyeva ailə həyatı qurmağa hazırlaşan gənclərlə bağlı diqqətçəkən fikirlər səsləndirib. Məşhur sənətçi qonaq olduğu "Qonaqcanlı" verilişində elçilik ənənələrindən və gəlin namizədlərini sınağa çəkmə üsullarından bəhs edib.
Medianews.az-ın məlumatına görə, müsahibəsi zamanı xüsusilə maddi çətinliklər qarşısında qadının rolu üzərində dayanan ifaçı, elçilik zamanı qızlara verdiyi spesifik sualları açıqlayıb. O, övladlarına da hər zaman həyatın enişli-yoxuşlu yollarını başa saldığını vurğulayıb:
"Övladlarıma hər zaman tapşırıram ki, seçəcəyiniz xanım sizin çətin gününüzə də hazır olmalıdır. Çünki bu gün maddi imkanın ola bilər, amma sabah hər şey dəyişə bilər. Yaxınlarımla elçiliyə gedəndə qızlara sual verirəm ki, evdə bircə toyuq qalsa və pulunuz olmasa, nə edərsən? Bəziləri dərhal 'mənə nə, getsin qazansın' cavabını verir. Belə cavab verən qıza deyirəm ki, səndən ailə xanımı olmaz".
Əməkdar artist əsl ailə xanımının qənaətcil və tədbirli olması tələbini öz nümunəsi ilə izah edib. Sənətçi bildirib ki, bacarıqlı qadın az tapılan ərzaqla da günlərlə ailəni dolandırmağı bacarmalıdır: "Məsələn, mən o tək toyuğun bir gün iki qanadını bişirib yanına vermişel, başqa bir gün isə budlarını kartofla hazırlayıb birtəhər ailəni 5 gün yola verərəm. Bu cür düşünməyən, fədakarlıq etməyən qızdan yaxşı həyat yoldaşı çıxmaz".
Medianews.az