Türkiyə futbolunda ilin ən böyük transfer hadisəsi reallaşmaq üzrədir. "Beşiktaş" klubu İngiltərənin "Liverpul" komandası ilə yollarını ayıran misirli dünya ulduzu Məhəmməd Salah ilə rəsmi şəkildə razılıq əldə edib. Azad agent statusunda olan 34 yaşlı hücumçunun İstanbula gəlişi üçün artıq son prosedurlar yerinə yetirilir.
Medianews.az-ın məlumatına görə, tərəflər arasında imzalanacaq müqavilənin detalları da artıq bəllidir. İstanbul təmsilçisi təcrübəli forvardla "1+1" illik müqavilə şərtləri üzərində ortaq məxrəcə gəlib. Keçidin maliyyə tərəfi də olduqca diqqətçəkəndir; Salahın "Beşiktaş"da keçirəcəyi hər mövsüm üçün 11 milyon avro maaş alacağı bildirilir. yaxın saatlarda transferin rəsmi olaraq ictimaiyyətə elan edilməsi gözlənilir.
Qeyd edək ki, Məhəmməd Salah geridə qalan mövsümdə "Liverpul" forması ilə ümumilikdə 41 rəsmi qarşılaşmada meydana çıxıb. Misirli ulduz bu matçlarda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalaraq yüksək səviyyəli oyununu qoruduğunu növbəti dəfə sübut edib.
Medianews.az