Medianews.az
Dünya çempionatları: 13-dən 48-ə, indi də 64-ə
1,927 baxış

Dünya çempionatları: 13-dən 48-ə, indi də 64-ə

2030-cu ilin dünya futbol çempionatı 64 milli komandanın iştirakı ilə keçirilə bilər. İlkin plana görə, yığmalar 4 komandalıq 16 qrupa bölünəcək, qruplarda ilk iki yeri tutanlar 1/16 finala vəsiqə alacaq.

İspaniya, Portuqaliya və Mərakeşin ev sahibliyi edəcəyi çempionatın bəzi matçlarını Uruqvay, Paraqvay və Argentinada keçirmək nəzərdə tutulur.

Medianews.az bildirir ki, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında 48 yığma yer alacaq, onlar 4 komandalıq 12 qrupa bölünəcək, qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala adlayacaq.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) dünya çempionatlarını 1930-cu ildən keçirir.

1930 və 1950-ci illərin çempionatlarında 13 milli komanda, 1938-ci ilin çempionatında 15 yığma yer alıb.

1934-cü ilin çempionatına 16 komanda qatılıb, 1954-cü ildən eyni say tətbiq edilib.

1982-ci ildən dünya çempionatları 24 yığmanın, 1998-ci ildən 32 millinin iştirakı ilə baş tutub.

1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun