Medianews.az
“Dilbər xanım deyirdi ki, uşağın ölümü məni də, Müşfiqi də məhv etdi, o ikinci dəfə həkim məsləhəti ilə ailə həyatı qurdu” -
202 baxış

“Dilbər xanım deyirdi ki, uşağın ölümü məni də, Müşfiqi də məhv etdi, o ikinci dəfə həkim məsləhəti ilə ailə həyatı qurdu” - FOTO+ÖZƏL

“Dilbərlə Müşfiqin sevgisi əsl Leyli və Məcnun sevgisi idi. Hətta deyərdim ki, bu sevgidən də üstün idi. Dilbər xanıma olan sonsuz sevgi Müşfiqi sözün əsl mənasında məhəbbət əsirinə çevirmişdi. Bilirsiniz ki, Müşfiqi həbs edəndən sonra Dilbər xanımı da sürgün edirlər. Dilbər xanımın Müşfiqə görə sürgündə çəkdiyi bir günlük əzab yüz ilə bərabər idi. Bu əzabı hansı bir qadın çəksəydi yəqin ki, dözməzdi. O artıq şüurunu itirmişdi, dəlilik dərəcəsinə gəlib çatmışdı. Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım bütün bunların şahidi idi. Şahidlər də onun əzablarını, qışqırtılarını eşitdiklərini deyirdilər”.

 Bunu Medianews.az-a açıqlamasında Mikayıl Müşfiqin yaxın qohumu, əmisi nəvəsi Reyhanə İsmayılzadə deyib.

O Mikayıl Müşfiqin ölümündən sonra Dilbər Axundzadəni qınayanlara cavab verib: 

“Bir çoxu deyir ki, Dilbər Müşfiqi sevsəydi sevgisinə sadiq qalıb ərə getməzdi. Xeyr, bu belə deyildi. O müəyyən müddət sağaldıqdan sonra həkim məsləhət gördü ki, ailə həyatı qursun. Dilbər xanımla Müşfiqin evliliyindən Yalçın adında bir övladları dünyaya gəlir. Nədənsə uşaq 8 ayın içində olanda dünyasını dəyişir. Bu Müşfiqə də, Dilbər xanıma da çox ağır təsir bağışlayır. O vaxt tibb axı inkişaf etməmişdi. Bugünki gün olsaydı uşağı xilas etmək olardı. Dilbər xanımın ikinci evliliyindən də bir oğlu dünyaya gəlib və 1 yaşında o da dünyasını dəyişib. Ondan sonra Leyla Axundzadə və oğlu Fikrət dünyaya gəlib. Fikrət də təxminən 50 yaşında rəhmətə getdi, çox yaşamadı. İndi qadınlarımız çox sərbəstdir. İstədiyi vaxt ailə həyatı qurar, istədikləri vaxt da ayrılıb sərbəst yaşaya bilirlər. Amma o vaxt elə deyildi. Zəmanənin tələbinə uyğun Dilbər xanım ailə həyatı qurmalı idi və qurmuşdu da. Bunu biz heç vaxt pis qarşılamamışıq. Müşfiq bütün şeirlərinin əksəriyyətində Dilbəri vəsf edib. Amma onun başqa şeirləri də var ki, sual doğurur bu Dilbərə aiddir yoxsa yox?! Əksər şeirləri qadına aiddir. Başqa mövzuda yazdığı şeirləri də var. Müşfiqi bir cümləsi ilə məhv etdilər”.

Reyhanə xanım bildirib ki, Dilbər xanımla çox gözəl münasibətləri olub:

“Dilbər xanımın bizimlə çox yaxşı münasibəti var idi. Müşfiqin bacısı Balacaxanım bibinin səhhəti çox ağır idi. Günlərdir keçinə bilmirdi. Öz-özümüzə fikirləşdik ki, bəlkə Dilbəri istəyir? Biz gedib Dilbər xanımı evindən gətirdik. Balacaxanım bibimiz Müşfiqdən qalan son yadigarı görəndən sonra canını tapşırdı. Dilbər xanım övladlarını Müşfiq ruhunda tərbiyə etmişdi. Bizə ancaq Müşfiqə olan sevgisini, övladlarının ölümünü danışmışdı. Biz də uşaq idik axı. Deyirdi ki, uşağın ölümü Müşfiqi az qala məhv edib. Yadımızda qalanlar bu idi. Bir də Müşfiqin həbs olunduğu günü Dilbər xanım çox təsirli danışırdı. Müşfiq 1937-ci ildə iyun ayının 4-də, ad günündən bir gün öncə həbs olunub. 6 ay ona cəzalar verilib, dırnaqları çıxarılıb, başına olmazın bəlalar gətiriblər. 1938-ci ilin yanvar ayının 6-da da güllələnib. Allah hər ikisinə rəhmət etsin”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun