Dərman qəbul edərkən yalnız düzgün dozaya deyil, həm də qidalanmaya diqqət yetirmək vacibdir, çünki bəzi məhsullar müalicənin effektivliyini azalda bilər.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, mütəxəssislər bəzi gündəlik qidaların dərmanlarla qarşılıqlı təsirə girərək onların təsirini zəiflədə və ya əksinə, gözlənilməz nəticələrə səbəb ola biləcəyini bildirirlər.
Məsələn, qreypfrut tərkibindəki maddələr səbəbindən dərmanların parçalanmasına cavabdeh olan fermentlərin fəaliyyətini dəyişdirə bilər. Bu isə orqanizmdə dərmanın normadan artıq toplanmasına gətirib çıxara bilər. Kələm isə yüksək K vitamini tərkibinə görə qan durulaşdırıcı dərmanların təsirini zəiflədə bilər.
Sərt pendirlərdə olan maddələr bəzi təzyiq və psixoloji preparatların təsirinə mane ola bilər. Banan isə kaliumla zəngin olduğu üçün təzyiq dərmanları qəbul edən şəxslərdə əlavə təsirlərə səbəb ola bilər.
Bundan başqa, sitrus meyvələri bəzi dərmanlarla birlikdə qəbul edildikdə mədə selikli qişasını qıcıqlandıra bilər. Süd isə xüsusilə antibiotiklərin təsirini azalda bilər, çünki tərkibindəki kalsium dərmanın sorulmasına mane olur.
Mütəxəssislər vurğulayırlar ki, hər hansı dərmanı qəbul edərkən həkim tövsiyələrinə əməl etmək və qidalanma ilə bağlı mümkün qarşılıqlı təsirləri nəzərə almaq müalicənin uğuru üçün mühüm əhəmiyyət daşıyır.