Medianews.az
Dərmanlar nə qədər və niyə bahalaşır?
254 baxış

Dərmanlar nə qədər və niyə bahalaşır?

2025-ci ilin yanvar-noyabr aylarında apteklərdə 1 milyard 424.1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Satış həcmi satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24.3% artıb. Yəni 2025-ci ilin ilk 11 ayında keçən ilin eyni dövrünə görə vətəndaşlar dərmanlara, 300 milyon manat daha çox xərcləyiblər.

Yaxşı, 25%-ə yaxın artım orqanik deyil, deməli, dərmanların həcmi yox, qiyməti kəskin artıb. Dərman qiymətlərinin hər il artmasının əsas səbəbi hökumətin təsis etdiyi Tarif Şurasının mənasız, məzmunsuz, ziyanlı tənzimləmə siyasətidir. Dərman sahəsində qiymətlərin təzimləməsi Tarif Şurasına tapşırılan gündən ölkədə qiymətlər artır, dərmanların keyfiyyəti isə sürətlə düşür. Çünki Tarif Şurasının yanaşması ancaq inhisarşılara xeyir verən, xalqı heçə sayan, qiymətləri qaldıran, keyfiyyəti aşağı salan yanaşma və metodologiyadır.

Bu iş Tarif Şurasına tapşırılandan sonra ölkədə 200-dən çox dərman gətirib satan şirkət bağlanıb, rəqabət məhv olub, ancaq bəzi məmurlara, deputatlara bağlı iri şirkətlərin marağına uyğun qərarlar alınıb. Nəticə olaraq da qiymətlər hər ay qalxır – bunu görməmək mümkün deyil, hökumət görmürsə, deməli, görmək istəmir.

Bundan başqa, illər öncə hökumətə təklif verdik ki, dərman satışında ƏDV-ni ya ləğv edin, ya da hesabatlılıq üçün sizə lazımdırsa, simvolik olaraq 2%-ə endirin. ƏDV ləğv olunsa dərman qiymətlərində azı 15% ucuzlaşma olacaq, pararlel olaraq da Tarif Şurasının bu mənasız səlahiyyəti ləğv edilib rəqabət mühiti yenidən təsis edilsə, qiymətlər daha 15-20% enəcək, yəni bu gün 10 manata olan dərmanı vətəndaş 6 manata ala biləcək.

Eşitmirlər, görmürlər, dinləmirlər, özü də ki, ölkə dərman istehsal etmir, dərmanların 93-94%-ni idxal edirik, xaricdə dərman istehsal edən şirkət zülm çəkir, investisuya qoyur, istehsal təşkil edir, dövriyyədən 10-15% qazananda sevinir, bizim tənbəl hökumət isə heç nə etmədən xaricdə istehsal edilən dərmandan satışda 18% qazanmaq istəyir – özü də bilir ki, istənilən vergi və rüsumun son ödəyicisi vətəndaşdır...

Natiq Cəfərli,
iqtisadçı

Bizə qoşulun