23-cü dünya futbol çempionatının qrup mərhələsində Konqo Demokratik Respublikasının yığma komandası ilə Kolumbiya millisinin qarşılaşması zamanı konqolu azarkeş Mişel Kuka Mboladinqa ölkəsinin ilk baş naziri Patris Lumumbanın heykəlini təqlid edərək bütün matç boyu - 90 dəqiqə ərzində stadionda hərəkətsiz dayanıb.
O, sağ əlini yuxarı qaldıraraq Patris Lumumbanın Konqonun paytaxtı Kinşasa şəhərindəki heykəlinin pozasını təkrarlayıb.
Mişel Kuka Mboladinqanın əynində Konqo bayrağı rənglərində (mavi, sarı, qırmızı) parlaq kostyum, gözündə 1960-cı illərin üslubunda eynək olub.
İyunun 23-də Meksikanın Qvadalaxara şəhərindəki “Estadio Akron” stadionunda keçirilən oyun Kolumbiya millisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Medianews.az xəbər verir ki, Patris Lumumba Konqonun Belçika müstəmləkəçiliyindən azad olunması hərəkatına rəhbərlik edib və 1960-cı ilin iyununda ölkə müstəqillik qazananda ilk baş nazir olub.
1961-ci ilin yanvarında ABŞ və Belçikanın dəstəklədiyi yerli hərbi qiyamçılar Patris Lumumbanı devrərək amansızlıqla qətlə yetiriblər.
Bundan sonra Patris Lumumba Azərbaycanın da daxil olduğu ölkədə - Sovet İttifaqında imperializm əleyhinə mübarizənin simvoluna çevrilib.
Bakıda o vaxtkı Azərbaycan Dövlət Universitetinin əsas korpusunun yerləşdiyi küçəyə Patris Lumumbanın adı verilib. Hazırda Zahid Xəlilov küçəsi adlanır.
Patris Lumumba 1961-ci ildə qətlə yetiriləndən sonra həm Konqodan, həm də digər Afrika ölkələrindən yüzlərlə tələbə Azərbaycanın Neft-Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və digər ali məktəblərinə təhsil almağa göndərilib.
1960-cı illərdə Azərbaycanın dövri mətbuatında və televiziyasında Lumumbanın mübarizəsi geniş işıqlandırılıb, Bakıdakı zavod və fabriklərdə onun xatirəsinə həsr olunmuş həmrəylik mitinqləri keçirilib.