Medianews.az
“Çoxtərəfli əməkdaşlıq daha da gücləndirilməlidir” -
63 baxış

“Çoxtərəfli əməkdaşlıq daha da gücləndirilməlidir” - Amina Mohammed

Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunda (WUF13) çıxış edən BMT baş katibinin müavini Amina Mohammed dayanıqlı şəhərlərin qurulması, sosial bərabərlik və insanların rifahının təmin olunmasının qlobal prioritet olduğunu bildirib.

Medianews.az-ın xəbərinə görə, o qeyd edib ki, icmaların rolu, şəhərlərin inkişaf layihələri və insanların su ehtiyatları ilə bağlı perspektivlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

Amina Mohammed vurğulayıb ki, coğrafi, mədəni və sosial-iqtisadi mühitin dəstəklənməsi, insanlar üçün əlverişli yaşayış şəraitinin yaradılması əsas prioritetlərdəndir.

BMT rəsmisi Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma işlərini dayanıqlı inkişaf modeli kimi qiymətləndirib. Onun sözlərinə görə, sosial-iqtisadi imkanların genişləndirilməsi, məşğulluğun artırılması, mədəni mühitin gücləndirilməsi və bərabərliyin təmin olunması istiqamətində həyata keçirilən siyasətlər xüsusi əhəmiyyət kəsb edir.

Amina Mohammed bildirib ki, bu məsələlərin həlli əməkdaşlıq, düzgün planlaşdırma və resurslardan səmərəli istifadə tələb edir:

“Şəhərlər hər bir vətəndaşın rifahına xidmət etməlidir, xüsusilə də uşaqların, gənclərin, qadınların və digər sosial qrupların ehtiyacları nəzərə alınmalıdır”.

O əlavə edib ki, BMT bu istiqamətdə dəstəyi davam etdirməyə hazırdır.

BMT baş katibinin müavini çıxışında həmçinin COP29-un məqsədləri və Yeni Şəhər Gündəliyinin prioritetlərinə toxunub. Bildirib ki, enerji sahəsindən şəhərsalmaya qədər müxtəlif istiqamətlər üzrə təcrübə və yanaşmalar forum çərçivəsində nümayiş etdirilib.

Amina Mohammed Bakıda keçirilən tədbirlərin və təqdim olunan hesabatların xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, bu platforma qarşılıqlı etimadı gücləndirmək, çoxtərəfli əməkdaşlığı təşviq etmək və təhlükəsiz, inklüziv cəmiyyətlərin qurulmasına töhfə vermək baxımından mühüm rol oynayır.

Müşfiqə Bayramova
Medianews.az

Bizə qoşulun