Prezident İlham Əliyevin dünən çıxışında səsləndirdiyi fikirlər FM radioları ilə bağlı məsələni yenidən gündəmə gətirib. Hazırda bir çox Çin istehsalı olan, xüsusilə də elektrik avtomobillərində FM radio funksiyası mövcud deyil. Halbuki internetin kəsildiyi və ya fövqəladə hallar, təbii fəlakətlər zamanı FM radio əhaliyə operativ məlumat çatdıran ən etibarlı kütləvi informasiya vasitələrindən biridir. İstehsalçılar bunu elektrik avtomobillərində yaranan elektromaqnit maneələrinin FM siqnallarına təsiri ilə izah edirlər.
FM radioya maneə yaradan elektromaqnit təsiri avtomobildə yüksək radiasiyanın olduğunu göstərirmi? Elektrik avtomobillərində FM radio problemini necə həll etmək olar?
Avtomobil mütəxəssisi Elçin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, avtomobillərdə FM radionun olmaması, xüsusilə də Çin istehsalı olan avtomobillərdə, elektromobillərdə və hibrid modellərdə radionun quraşdırılmaması heç də avtomobildəki şüalanma və ya dalğalarla əlaqəli deyil:
“Bunun əsas səbəbi Çində internet infrastrukturunun geniş yayılmasıdır. Bu avtomobillərin əksəriyyətində eSIM quraşdırılır və onlar daimi internet bağlantısına malik olurlar. Daimi internet bağlantısı sayəsində sürücülər onlayn radio, video platformaları və müxtəlif multimedia xidmətlərindən istifadə edə bilirlər. Buna görə də Çin daxili bazarı üçün istehsal olunan avtomobillərdə FM radioya ciddi ehtiyac duyulmur. Lakin xarici bazarlar üçün istehsal olunan modellərdə FM radio adətən mütləq quraşdırılır. Yəni radionun olmaması avtomobildə hər hansı şüalanmanın mövcudluğu ilə deyil, internetin daha funksional və səmərəli alternativ kimi istifadə olunması ilə bağlıdır. Avtomobildə internet bağlantısı yalnız multimedia imkanları üçün deyil, həm də onlayn diaqnostika və avtomobil məlumatlarının istehsalçı mərkəzlərinə ötürülməsi üçün istifadə olunur. Bu məlumatlar xüsusilə özüidarəetmə sistemlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Müxtəlif yol vəziyyətləri və sürücülük ssenariləri barədə məlumatlar toplanaraq süni intellekt sistemlərinin təkmilləşdirilməsinə xidmət edir. Bu yanaşma ilk olaraq Tesla tərəfindən tətbiq olunub və sonradan digər müasir avtomobil istehsalçıları da bu sistemdən istifadə etməyə başlayıblar.
Mütəxəssis vurğulayıb ki, bir çox insanlar elektromobillərdə, xüsusilə də hibrid avtomobillərdə radiasiyanın olduğunu iddia edirlər:
“Əslində isə bu doğru deyil. Radiasiya radioaktiv hissəciklərin və şüaların yayılması deməkdir. Avtomobillərdə isə radioaktiv elementlər olmadığından alfa, beta və qamma kimi radioaktiv şüalanmaların yaranması mümkün deyil. Bəs avtomobillərdə hansı dalğalar mövcud ola bilər? Burada söhbət yüksək intensivlikli elektromaqnit dalğalarından, maqnit sahəsindən və elektromaqnit sahələrindən gedə bilər. Mən bu göstəriciləri öz elektromobilimdə, eləcə də bir neçə aparıcı istehsalçının elektromobil və hibrid modellərində xüsusi cihazlarla ölçmüşəm. Nəticələr göstərir ki, bütün göstəricilər normativ hədlər daxilindədir. Müqayisə üçün qeyd edim ki, mobil telefondan yayılan elektromaqnit dalğaları elektromobildə ölçülən göstəricilərdən qat-qat yüksəkdir. Hətta elektromobillərlə daxiliyanma mühərrikli avtomobillər müqayisə edildikdə də elektromaqnit sahələri baxımından ciddi fərq müşahidə olunmur. Bu səbəbdən elektromobillərin təhlükəli şüalanma yayması barədə deyilənlər əsaslı elmi fakta deyil, daha çox miflərə söykənir.
Bundan əlavə, elektromobillər və hibrid avtomobillər dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ və Avropada müstəqil laboratoriyalar və tədqiqat mərkəzləri tərəfindən dəfələrlə sınaqdan keçirilib. Bu ölkələr ekologiyanın qorunması məqsədilə elektromobillərin inkişafını dəstəkləyirlər. Əgər həqiqətən insan sağlamlığı üçün ciddi təhlükə yaradan hər hansı problem mövcud olsaydı, həmin ölkələr mütləq əlavə təhlükəsizlik tələbləri tətbiq edər, normativlər müəyyənləşdirər və bu tələblərə cavab verməyən avtomobillərin istifadəsinə icazə verməzdilər”.
15.07.2026, 07:17
95
baxış
Zara Editor