Medianews.az
Çempionlar Liqasının 2026-2027 mövsümündə yenilik
109 baxış

Çempionlar Liqasının 2026-2027 mövsümündə yenilik

İngiltərə UEFA Çempionlar Liqasının 2026-2027 mövsümünə 5 komanda çıxaracaq.

Medianews.az bildirir ki, reqlamentə görə, turnirdə 2 vəsiqə 2025-2026 mövsümündə ən çox əmsal toplamış UEFA üzvlərinə ayrılıb. 2025-2026 mövsümünün əmsallar cədvəlində İngiltərə öndədir və vəsiqənin birini təmin edib. Qalan vəsiqəyə İspaniya, Almaniya, Portuqaliya və İtaliya iddialıdır.

UEFA-nın klub reytinqi Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

55 üzvü olan UEFA-nın ilkin planı 2026-2027 mövsümünə 84 komandanın buraxılmasıdır.

80 vəsiqə milli çempionatların yekunu əsasında əldə olunacaq. İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransa üçün 4, Niderland üçün 3, Portuqaliya, Belçika, Çexiya, Türkiyə, Norveç, Yunanıstan, Avstriya, Şotlandiya və Polşa üçün 2, qalan ölkələr (milli çempionatın keçirilmədiyi Lixtenşteyni çıxmaqla), o cümlədən Azərbaycan üçün 1 yer nəzərdə tutulur. Ancaq 2022-ci ildən sanksiya altında olan Rusiya yenə mövsümdən kənar qala bilər.

Yarışda 2 yer 2025-2026 mövsümündə Çempionlar Liqası və Avropa Liqasında qalib olan komandalara veriləcək.

Çempionlar Liqasında dörd təsnifat mərhələsi var. Birinci mərhələdə ələnənlər Konfrans Liqasına, qalan mərhələlərdə ələnənlər Avropa Liqasına köçəcək.

Azərbaycan çempionunun turnirə birinci mərhələdən başlaması gözlənir.

36 komandalıq liqa mərhələsində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun