"MV Hondius" kruiz gəmisindəki bir sərnişinin insandan insana ötürülə bilən hantavirus növünə yoluxduğu laboratoriyada təsdiqlənib.
Bu barədə Cənubi Afrika Respublikasının (CAR) səhiyyə naziri məlumat verib.
Əvvəlcə xəstəliyin And hantavirusundan gedə biləcəyi ehtimal olunurdu, lakin indi bu laboratoriya yolu ilə təsdiqlənib. Bu mühüm dəqiqləşdirmədir, çünki hantavirusların əksəriyyəti adama gəmiricilərdən keçir və insanlar arasında yayılmır. Cənubi Amerikada geniş yayılmış And virusu nadir istisna olaraq qalır. Əvvəllər insandan insana keçmə halları çox nadir hallarda qeydə alınırdı.
İsveçrədə isə bir nəfərdə hantavirus yoluxması aşkar edilib.
Rəsmi açıqlamaya görə, virusa yoluxan şəxs Sürixdə xəstəxanalarından birində müalicə alır.
Sözügedən şəxs əvvəllər bir neçə hantavirus yoluxma halının qeydə alındığı gəmidə olduqdan sonra bu yaxınlarda ölkəyə qayıdıb.
Qeyd olunur ki, hantaviruslar ağciyər və böyrək sindromu ilə müşayiət olunan hemorragik qızdırma da daxil olmaqla ağır xəstəliklərə səbəb olur. Xəstəlik sürətlə inkişaf edir və kəskin tənəffüs çatışmazlığına gətirib çıxara bilər. Mütəxəssislərin qiymətləndirmələrinə görə, ağciyər sindromunda ölüm nisbəti 30-50%-ə çatır./oxu.az