Medianews.az
Bütün böhtançılara deyəcəklərim -
93 baxış

Bütün böhtançılara deyəcəklərim - Zamin Hacı YAZIR...

Özüm üçün qəribə bir təsadüf aşkar elədim: 1918-ci ilin 28 mayında Azərbaycanın istiqlal bəyannaməsini imzalayanların da sayı 26 nəfər olub, ondan qabaq Bakıda erməni daşnak Stepan Şaumyanın rəhbərlik elədiyi dəstənin üzvləri də. 26 Bakı komissarından söhbət gedir. İndiki uşaqlar bilməz, bizim ömrümüz bu komissarlara difiramblar, mədhiyyələr oxumaqla keçərdi.

Yəni, bizdə vətənsevərliklə xəyanətkarlığı tərəziyə qoysaq, adətən balans yaranmışdır və ən pisi odur ki, adi, sakit vəziyyətlərdə bu tarazlıq çox gözə girməsə belə, həlledici anlarda dərhal parlamışdır. Məsələn, 1993-cü ildə xain Surət Hüseynov qiyama qalxanda da belə idi.

Bu yaxında, konkret yazsam, 24 mayda DİM-in universitetlərə qəbul imtahanında “Tarix” fənnindən suallardan biri AXC dövrünə aid idi. Təxmini məzmun bu idi ki, 1920-ci il 27 apreldə, müstəqil Azərbaycan parlamentinin Bakıdakı son iclasında 11-ci Qırmızı ordunun, rus işğalçılarının paytaxta girməsi icazəsinə kəskin etiraz edən üzvlər kim olub. Onlardan birinin adını çəkmək istənilirdi.

Elə həmin gün, günorta DİM düzgün cavabları açıqladı: “Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyov”. Yəni, tək Rəsulzadə yazsan da bəs edirdi, cavab doğru sayılırdı.

Ancaq mən, bir az, necə deyərlər, retrospektiv şəkildə də olsa, pis oldum, kədərləndim. Çünki belə çıxırdı ki, Azərbaycanın işğalına parlamentdə cəmi 2 nəfər qarşı çıxıb.

Əslində, əlbəttə, tam olaraq belə deyil, DİM-in bu sualının formalaşmasında isə, güman edirəm ki,  Ziya Bünyadovun hələ 1990-cı ildə Dövlət Təhlükəsizlik Komitəsi (“KGB”) arxivindən əldə edərək “Elm” qəzetində dərc etdiyi məqalə rol oynayıb. Orada doğrudan da yazılıb ki, parlament son iclası çağırdı, Rəsulzadənin başçılığı ilə müstəqilliyi qorumaq şərtiylə hakimiyyəti kommunistlərə verməyə məcbur oldular və 11-ci ordunun Bakıya girməsinə Rəsulzadə etiraz edib. Parlamentin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru Şəfi bəy isə ağlayıb.

Azərbaycan parlamentinin son tərkibi 120 nəfər idi, bunlardan 39 nəfəri Müsavatı təmsil edirdi və həmin arxiv sənədi doğrudursa, Rəsulzadə və Rüstəmbəyov, əlbəttə, təklənməyiblər. Rəsulzadənin çıxışından bir sitat: “Bizim fraksiyamız təslim olmağın əleyhinədir”. Sonra isə vəziyyəti açıqlayır, niyə hakimiyyəti kommunistlərə verməyə məcbur olduqlarını sadalayır və sairə.

Bu vəziyyət, yəni, AXC hakimiyyətinin ömrünün qısa çəkməsi bəzən indinin özündə də ona qarşı əsas ittihamlardan biridir. Bir afyorizmdə deyilən kimi: “Qələbənin ata-anası çoxdur, məğlubiyyət isə həmişə yetimdir”. Ancaq biz bu gün 28 mayı qeyd ediriksə, Azərbaycan yenidən müstəqildirsə, məğlub olan əslində kimdir? Məğlub olan rus imperiyası, kommunistlər, daşnaklar, ermənilər və sairədir.

Deməli, bəzi anlarda hətta 2 nəfər də tarixi yazır! Şəfi bəyin göz yaşları boş yerə axmamışdır, vətəndaşlar.

Qələbə ilə məğlubiyyəti müqayisə edəndə insanlar adətən üstünlüyü qələbədə görür. Bu, səhvdir. Tək “Pirr qələbəsi” anlayışına görə yox. Təzəlikcə 9 mayı – faşizm üzərində qələbəni qeyd elədik. Ancaq o qaliblərdən SSRİ indi hanı? Cəhənnəmə vasil olub. Hətta mən dəqiq xatırlayıram, biz uşaq olanda, sovet hökumətinin qılıncının dalı-qabağı kəsəndə də zəhmətkeşlərimiz o qələbənin dadını görmürdülər, çoxları “kaş alman qalib gələrdi” tipli səhv düşüncəyə dalardı. Çünki alman veteran sovet veteranından yaxşı yaşayırdı.

Ümumiyyətlə, dünyada ən qalib xalqlardan biri sizcə kimdir? Yazım, bilin: əfqanlar. Britaniya, Rusiya, SSRİ, ABŞ, hətta lap dərinə getsən, makedoniyalı İsgəndərə qalib gəliblər. Ancaq hansı gündədirlər? Təzəlikcə bir əfqan kişidən intervü almışdılar. Deyirdi dolana bilmirəm, qızımı satıram. Buyur, bu da sənə qalib xalq...

Uzun sözün qısası, bayramımız mübarək olsun. Yazını da Rəsulzadənin 1919-cu ildə yazdığı məqalədən sitatla bitirirəm: “Mayisin 28-də istiqlal bayramını qeyri-qabili-təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkməyəcəklər və bütün böhtançılara deyəcəklər ki, istiqlal xanların, bəylərin, ağaların deyil, Azərbaycan xalqının, türk millətinin milli, ən müqəddəs idealıdır”.

Zamin HACI 

Bizə qoşulun