Qarşıdan yay fəsli gəlir. Minlərlə insan istirahət planları qurmağa başlayır. Qiymətlərin dəyişməsi, turizm paketlərinin əlçatanlığı və yeni istiqamətlərə maraq bu il də əsas müzakirə mövzularındandır.
Bu yay Azərbaycan vətəndaşları üçün ən sərfəli istirahət məkanları hansılar olacaq? Daxili turizm marşrutları arasında qiymət baxımından hansı bölgələr daha əlçatandır? Ötən illə müqayisədə turizm paketlərinin qiymətlərində hansı dəyişikliklər müşahidə olunur? Bu yay yerli turistlərin ən çox üstünlük verəcəyi bölgələr hansılar ola bilər?

Mövzu ilə bağlı Medianews.az-a danışan turizm üzrə ekspert Emil Əliyev bildirib ki, hazırda turizm əvvəlki illərlə müqayisədə bir qədər fərqli keçir. Onun sözlərinə görə, regionda baş verən müharibə və geosiyasi gərginlik həm turist axınına, həm də qiymətlərə birbaşa təsir göstərir: “Xüsusilə aviasiya yanacağı qiymətinin artması nəticəsində bir çox istiqamətlər üzrə təyyarə biletlərində orta hesabla 40-60 dollar arası bahalaşma müşahidə olunur. Bu da ümumi turizm paketlərinin qiymətlərinə təsirsiz ötüşmür. Buna baxmayaraq, Azərbaycan vətəndaşları üçün bu yay ən sərfəli istiqamətlər sırasında yenə də Türkiyə, Misir və müəyyən Avropa şəhərləri qalır.
Türkiyə həm yaxınlığı, həm vizasız rejim, həm də “all inclusive” konsepsiyalı hotellərin geniş seçimi ilə turistlərin ən çox üstünlük verdiyi istiqamətlərdən biridir.
Misir də eyni şəkildə “all inclusive” sistemi və münasib qiymətlər səbəbindən ailəvi istirahət üçün sərfəli seçim hesab olunur. Son dövrlərdə kruiz turlarına marağın da artdığını müşahidə edirik.
BƏƏ və Qətər istiqamətlərində əvvəlki aylarda müəyyən azalma hiss olunsa da, hazırda vəziyyət stabilləşib, bilet satışları yenidən artıb. Regionda uçuş və təhlükəsizliklə bağlı vəziyyətin daha stabil hala gəlməsi turistlərin bu istiqamətlərə diqqətini cəlb etməyə başlayıb.

Daxili turizmə gəldikdə, qiymət baxımından daha əlçatan bölgələr arasında Qəbələ, Quba, Şəki, İsmayıllı və Lənkəran xüsusi seçilir. İnsanlar həm təbiətə yaxınlıq, həm də qısa məsafəli səyahətlərə üstünlük verirlər. Xüsusilə yay aylarında dağ və region hotellərinə maraq artır. Eyni zamanda qeyd etməliyik ki, müharibə şəraiti Azərbaycana gələn xarici turist sayına da təsir edib. Hazırda ölkəmizə əsasən MDB ölkələrindən gəlirlər. Digər bazarlardan turist axınında azalma müşahidə olunur. Bu isə bəzi yerli hotellərin doluluq səviyyəsinə mənfi təsir göstərir.
Bununla belə, bayram günləri və həftə sonlarında daxili turizmdə ciddi aktivlik gözlənilir. Düşünürəm ki, bu yay yerli turistlərin ən çox üstünlük verəcəyi istiqamətlər yenə də Türkiyə və Azərbaycanın dağlıq bölgələri olacaq. Eyni zamanda xidmət keyfiyyətinin artırılması həm brend, həm də qeyri-brend hotellər üçün prioritet olmalıdır”.
Nailə Qasımova,
Medianews.az