Bu gün 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
Bu, Azərbaycanın ilk böyük gücə malik külək elektrik stansiyasıdır. Buna qədər Azərbaycanın ən böyük alternativ enerji mənbəli stansiyası BƏƏ-nin “Masdar” şirkətinin Qaradağda inşa etdiyi, açılışı 2023-cü ilin oktyabrında olan 230 MVt gücə malik günəş elektrik stansiyası idi.
Hər iki stansiya dövlət vəsaitlərindən istifadə edilmədən ərsəyə gətirilib.
"Xızı-Abşeron" stansiyasında investor qismində Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti çıxış edib.
Layihənin icrasına təqribən $340 milyon xarici investisiya yönəldilib. Stansiyanın tikintisi üçün “ACWA Power” şirkətinə Avropa Yenidənqurma və İnkişaf Bankı ($197,1 milyon) və OPEC Fondu ($50 milyon ) kredit ayırıb.
Layihənin baş podratçısı isə Çinin “PowerChina Huadong Engineering Co., Ltd.” şirkətidir (“PowerChina group”un törəmə şirkəti).
Stansiya il ərzində küləkli hava şəraitinin optimal göstəriciləri olduğu halda 1 milyard kVt/saat həcmində elektrik istehsal etmək qabiliyyətinə malikdir. Bunun nəticəsində 220 milyon kub metr təbii qaza qənaət olunması və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısının alınması gözlənilir.
İlham Şaban,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri