Bir çox insan dişlərin baş düşməninin şəkər olduğunu düşünsə də, əsl təhlükə şəkərin özü deyil, onun qəbul edilmə tezliyidir.
Medianews.az xəbər verir ki, bu haqda, stomatoloq-ortodont Andrey Juk məlumat verib.
Həkimin sözlərinə görə, hər dəfə şirin qida qəbulundan sonra diş ərpindəki bakteriyalar mina qatını əridən turşular ifraz etməyə başlayır. Əgər insan gün ərzində tez-tez şirniyyat atışdırırsa, şirin içkilər içirsə və ya konfeti ağzında uzun müddət saxlayırsa, diş minası bərpa olunmağa vaxt tapmır.
Ekspert qeyd edib ki, qazlı və turş içkilər, energetiklər, hazır paket şirələri və hətta müntəzəm içilən limonlu su da eyni dərəcədə təhlükəlidir. Turşu mina qatını yumşaldaraq onu kariesə qarşı tam müdafiəsiz qoyur.
Bununla belə, stomatoloq dişləri təbii yolla qoruyan qidaların da adlarını açıqlayıb:
-
Bərk tərəvəz və meyvələr: Kök, alma və kərəviz çeynəmə prosesini stimullaşdırır, tüpürcək ifrazını artırır və dişlərin səthini təbii şəkildə təmizləyir.
-
Süd məhsulları: Pendir, kəsmik və təbii yoqurt mina qatının möhkəmliyi üçün vacib olan kalsium və fosforla zəngindir.
-
D vitamini mənbələri: Balıq, yumurta və qoz-fındıq kalsiumun orqanizm tərəfindən sorulmasına kömək edir.
"Lakin anlamaq lazımdır ki, kariesi müalicə edə biləcək heç bir qida yoxdur. Əgər minanın dağılması artıq başlayıbsa, heç bir pəhriz itirilmiş diş toxumasını bərpa edə bilməz. Qidalanma müalicə deyil, sadəcə profilaktika vasitəsidir", – deyə həkim vurğulayıb.
Mütəxəssis əlavə edib ki, düzgün qidalanma, keyfiyyətli gündəlik gigiyena və müntəzəm həkim müayinəsi əksər stomatoloji xəstəliklərin qarşısını almağa tam kifayət edir.
Medianews.az