Norveç şahzadəsi İnqrid Aleksandra futbol üzrə dünya çempionatının 1/8 finalında Braziliyanı məğlub edərək dörddəbir finala yüksələn milli komandanın paltardəyişmə otağına baş çəkib.
Medianews.az xəbər verir ki, Norveç Braziliyanı 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıb.
Komandanın qələbəsində əsas pay sahibi ulduz hücumçu Erlinq Haaland olub. O, ikinci hissədə vurduğu iki qolla Norveçə tarixi qələbə qazandırıb.
Oyundan sonra şahzadə İnqrid Aleksandra və şahzadə Sverre Maqnus paltardəyişmə otağına gələrək futbolçuları bir-bir təbrik ediblər. Kadrlarda kral ailəsinin üzvlərinin oyunçularla əl sıxdığı, Haalandı qucaqlayaraq ona xüsusi təşəkkür etdiyi görünür.
Norveç və digər xarici media orqanlarının yaydığı görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.