Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib.
Medianews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onlar barədə seçilmiş həbs və həbs olmayan qətimkan tədbirləri dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar elan edilib.
Məhkəmənin baxış iclası iyulun 2-nə təyin edilib.
Qeyd edək ki, dəstə üzvləri Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar Şikar Əliyev, Rəsul Həşimov, Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradaraq həmin səhifələrdə qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurmaqda təqsirli bilinirlər.
Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə açdıqları səhifələr vasitəsi ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.//Oxu.Az