“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Tbilisi-Bakı sərnişin qatarına qoyduğu bilet qiymətlərindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət göndərilib.
Medianews.az xəbər verir ki, siyasətçi İlqar Məmmədov agentliyin internet səhifəsindəki “Ərizə, şikayət, təklif” bölməsi vasitəsilə göndərdiyi şikayət məktubunun mətnini feysbuk sosial şəbəkəsində də yayıb.

Məktubda deyilir ki, “Azərbaycan Dəmir Yolları” QSC bilet qiymətlərini ciddi iqtisadi əsas olmadan müəyyənləşdirib. Məktubda iddia olunur ki, bu qiymətlərlə bazardakı inhisarçı mövqeyi “Azərbaycan Dəmir Yolları”na həddindən artıq və əsassız mənfəət gətirəcək, vətəndaşlara və cəmiyyətin iqtisadi mənafelərinə isə zərər vuracaq: “Belə ki, sonuncu dəfə 2019-cu ilin axırında və 2020-ci ilin əvvəlində satılan biletlər dəfələrlə ucuz idi və indi qoyulmuş yeni qiymət Dövlət Statistika Komitəsinin açıqladığı ümumi illik inflyasiya statistikasına, dəmir yolunda sərnişindaşıma qiymətinin inflyasiya statistikasına və qida olmayan mal və xidmətlərdə qiymətin inflyasiyası statistikasına uyğun deyil.
Məsələn, dörd nəfərlik kupedə səyahət o vaxt bir nəfərə təxminən 34 manata idisə, rəsmi inflyasiya statistikalarına əsasən, indi onun qiyməti 45 manatdan çox olmamalıdır.
Aydındır ki, quru sərhədlərin qapalı qalması biletlərə tələbatı artırır. Lakin hətta bu tələbat nəzərə alınmaqla, “Azərbaycan Dəmir Yolları”nın elan elədiyi minimum qiymət, xüsusilə də vətəndaşların həyatda müşahidə etdiyi gerçək qiymət şişirdilib”.
Müraciətin sonunda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Tbilisi-Bakı sərnişin qatarlarına qoyduğu bilet qiymətləri ilə bağlı iqtisadi araşdırma aparılması, qiymətlərin əsaslı səviyyəyə endirilməsi üçün tədbir görülməsi xahiş olunur.
İ.Məmmədovun feysbuk hesabındakı müzakirələrdən aydın olur ki, onun çağırışına səs verərək şikayət məktubunun mətnini öz adından Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərməyə başlayanlar da var.

Azərbaycandan xaricə sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası dövründən - 2020-ci ilin yazından dayandırılıb.
2026-cı il mayın 25-dən Gürcüstan istiqamətində sərnişin qatarlarının fəaliyyəti bərpa edilir.
Bakıdan Tbilisiyə dəmiryol məsafəsi 600 kilometrə yaxındır.
Tbilisiyə biletlərin qiymətləri səfərə Bakıdan çıxanda komfort sinfi üzrə 81 manatdan, komfort+ sinfi üzrə 117 manatdan, lüks sinfi üzrə 180 manatdan; Yevlaxdan çıxanda komfort sinfi üzrə 67 manatdan, komfort+ sinfi üzrə 94 manatdan, lüks sinfi üzrə 144 manatdan; Gəncədən çıxanda komfort sinfi üzrə 62 manatdan, komfort+ sinfi üzrə 86 manatdan, lüks sinfi üzrə 132 manatdan; Ağstafadan çıxanda komfort sinfi üzrə 57 manatdan, komfort+ sinfi üzrə 78 manatdan, lüks sinfi üzrə 120 manatdan başlanır.
Böyük Kəsik-Qardabani marşrutunda bir biletin başlanğıc qiyməti komfort sinfi üzrə 51 manat, komfort+ sinfi üzrə 68 manat, lüks sinfi üzrə 102 manatdır.
Reyslər müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC bəyan edib ki, beynəlxalq istiqamətlər üzrə gedişhaqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir: “Bakı-Tbilisi-Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir. Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir”.