İyulun 14-ü Milli Məclis “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara dəyişikliyi nəzərdə tutan layihəni üçüncü oxunuşda qəbul edib.
Beləliklə, parlament Azərbaycanda yeni qurumun - Media və Yayım Şurasının yaradılması ideyasına sonadək dəstək verib.
Sözügedən qanun layihəsi Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın əsasında vahid qurumun - Media və Yayım Şurasının yaradılmasını nəzərdə tutur.
Milli Məclis layihəni birinci oxunuşda iyunun 19-u, ikinci oxunuşda isə iyunun 30-u qəbul etmişdi.
Üçüncü oxunuş - sonuncu oxunuşdur.
Prosedura görə, Milli Məclis sonuncu oxunuşda qəbul edilmiş qanun layihəsini iki həftə ərzində dövlət başçısına göndərməlidir.
Bundan sonra Prezidentin qanunu fərman imzalayaraq təsdiqləməsi, beləliklə, icra prosesinin başlanması gözlənilir.
Qanun layihəsi Milli Məclisin İnsan hüquqları komitəsində hazırlanıb.

Medianews.az-ın məlumatına görə, komitənin sədri Zahid Oruc Milli Məclisin 14 iyul iclasında deyib:
“Milli Məclisin gündəliyində üçüncü oxunuşa çıxarılan “Media haqqında” qanunda aparılan dəyişikliklərin başlıca məqsədi Zəfərimizin paytaxtı Şuşada dünən keçirilən beynəlxalq Forumla üst-üstə düşür - parlament milli mətbuatımızın qlobal informasiya rəqabətində öz yerini qoruyub saxlamasına, süni intellekt dövründə dezinformasiyaya qarşı uğurla mübarizə aparmasına, informasiya təhlükəsizliyinə, mediaya ictimai etimadın gücləndirilməsinə, sülh quruculuğunda kütləvi informasiya vasitələrinin aparıcı roluna və beynəlxalq əməkdaşlığına töhfə verməyə çalışır.
Milli Məclisdə hər iki oxunuşdan uğurla keçən qanun layihəsi milli mətbuatımızın yeni institusional idarəçilik mərhələsinə keçidini təmin etdiyi üçün millət vəkilləri tərəfindən hərtərəfli müdafiə olunur.
"Media haqqında" qanunun məhz 14 iyulda müzakirəsi həmin tarixi günə xüsusi münasibəti tələb edir. Çünki Ulu öndər istər sovet, istərsə də müstəqillik dövründə milli mətbuatın inkişafını dövlət və millət quruculuğunun ayrılmaz parçasına çevirib.
14 iyul tarixi Azərbaycanın siyasi təqvimində müstəsna yer tutur. Heydər Əliyevin respublikamıza rəhbər seçilməsi ilə azərbaycanlıların əsrlərlə davam edən milli dövlətçilik mübarizəsinin yeni mərhələsi başlanır. İlk dəfə, azsaylı, yəni titullu olmayan bir xalqın lideri 1980-ci illərdə ucqar respublikadan imperiyaya rəhbərlik edənlərdən birinə çevrilir.
Təsadüfi deyil ki, düz eyni tarixdə – 14 iyul ərəfəsində Prezident İlham Əliyev Şuşada Pənahəli xandan sonra heç bir yerli və milli rəhbərə müyəssər olmayan qalib lider kimi çıxış edir.
Əgər 1969-cu il milli dirçəlişin başlanğıcıdırsa, Şuşa Zirvəsi Ulu öndərin dövlətçilik kursunun təntənəsidir. Azərbaycan dövlətçiliyinin iki əsrdir zəif bəndinə çevrilən Qarabağ artıq millətimizin güc və yenilməzlik ünvanıdır. Yüz illər boyu müharibə meydanı olan Şuşa indi quruculuq, dinclik və əmin-amanlıq məkanıdır.
“Tam və qəti qələbə qazanmışıq” deyən İlham Əliyevin qətiyyətli iradəsi ilə erməni məsələsi coğrafiyamızdan kənara çıxıb və geosiyasi alət statusunu itirib.
Brüssel və Strasburqun siyasi təzyiqləri iflasa uğrayıb, Moskva və Tehranın diktəsi nəticəsizdir.
Milli tariximizdə ilk dəfə Azərbaycan xarici paytaxtlardan yox, məhz Bakıdan idarə olunur.
Ona görə də 14 iyul iki lideri birləşdirən vahid siyasi tarixdir. Azərbaycanın yarım əsrlik siyasi təqviminə nəzər saldıqda görürük ki, 14 iyul tarixi ilə 8 Noyabr Zəfər bayramı eyni ideyanın müxtəlif mərhələləri, fərqli quruluşlarda formalaşan vahid kursun mənəvi, ruhi və siyasi kökləridir.
Son iki əsrdə Bakı uğrunda müharibə aparan dövlətlər indi hava, su və torpaq yolu ilə Azərbaycandan keçir.
Paradoksal görünsə də, Azərbaycanın qələbəsi erməniləri də uzun əsrlər bağlı olduğu imperiyalardan, "dənizdən-dənizə Ermənistan" xülyasından və düşmənçilik ideologiyasından imtina şansı verib. İrəvan artıq Qarabağa və Azərbaycanın Xəzərə qədər uzanan milli ərazilərinə iddia irəli sürmür — bu, regionda yeni, real sülhün zəminini yaradır.
Ən böyük dəyişiklik isə xalqımızın düşüncəsində baş verib. Bir vaxtlar işğal, məcburi köçkünlük və itirilmiş torpaqlar üzərində formalaşan məğlub siyasi kimliyimizi indi Zəfər, Böyük qayıdış və quruculuq milliyyətçiliyi əvəz edir. Artıq yeni nəsil azad edilən şəhərlərdə və kəndlərdə böyüyür, Qarabağı xəritədə yox, həyatında görür.
2023-cü il sentyabrın 20-də dövlət suverenliyimizin tam bərpasından keçən üç ildə dünyaya göz açan 300 minə yaxın körpə - işğal təhlükəsini görməyən, qaçqınlıq və məcburi köçkünlük nə olduğunu bilməyən, bütöv və qalib bir ölkənin tamhüquqlu vətəndaşı kimi doğulan ilk nəsildir.
Son illər Ukraynada davam edən müharibə, Yaxın Şərqdə yenidən alovlanan münaqişələr, qlobal təhlükəsizlik arxitekturasının sarsıntıları göstərdi ki, dövlətlər üçün suverenliyini qorumaq getdikcə çətinləşən bir vəzifədir. Əvəzində dünyada barış və təhlükəsizlik Qarabağdan başlanır.
Ulu öndərin nəinki Şuşa vəsiyyəti, bütöv Azərbaycan idealı qalib gəlib.
14 iyul Qafqazda sülh əsrinin də başlanğıc tarixidir”.
Nailə Qasımova,
Medianews.az