Medianews.az
İran tankerləri vurdu:
93 baxış

İran tankerləri vurdu: ölən və yaralananlar var

ABŞ və İran arasında qarşıdurma daha da kəskinləşib.

Medianews.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Amerika qüvvələri ardıcıl üçüncü gecə İrandakı hərbi hədəflərə qarşı əməliyyat keçirib.

Bildirilir ki, iyulun 14-nə keçən gecə beş saat davam edən əməliyyat zamanı Buşehr, Çabahar, Cask, Konarak, Əbu Musa və Bəndər-Abbas bölgələrində yerləşən hərbi obyektlər vurulub. ABŞ tərəfi zərbələrin İranın kommersiya gəmiçiliyinə hücum imkanlarını zəiflətmək məqsədi daşıdığını açıqlayıb.

CENTCOM-un məlumatına görə, əməliyyat zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunub, sahil müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatları qurğuları, eləcə də dəniz hərbi infrastrukturu hədəfə alınıb.

Hücumlar ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında İran gəmilərinə qarşı blokadanın bərpa olunduğunu bəyan etməsindən sonra baş verib. Tramp həmçinin bu marşrutla daşınan digər yüklər üçün 20 faiz kompensasiya tələb edib.

İran isə cavab olaraq Küveyt, Bəhreyn və İordaniyadakı ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb. Bundan əlavə, Tehran Hörmüz boğazında iki neft supertankerini hədəfə aldığını bildirib.

"Al Jazeera"nın məlumatına görə, BƏƏ rəsmiləri iki tankerin İranın qanadlı raketləri ilə vurulduğunu təsdiqləyib. Hadisə nəticəsində ekipaj üzvlərindən biri həlak olub, bir neçə nəfər isə yaralanıb.//Modern.az 

Bizə qoşulun