Norveç millisinin hücumçusu Erlinq Holann DÇ-2026-dan sonra komanda yoldaşları ilə birlikdə ABŞ-da Vəhşi Qərb üslubunda fəaliyyət göstərən mağazaya baş çəkib.
Medianews.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Bildirilib ki, norveçli futbolçular Dallasda təşkil olunan qapalı alış-veriş zamanı cəmi bir saat yarım ərzində 10 min dollar xərcləyiblər. Bütün xərcləri isə Haaland öz üzərinə götürüb.
Mənbənin məlumatına görə, beş futbolçudan ibarət qrup kovboy papaqları, çəkmələr, vestern üslubunda köynəklər və kəmər tokaları alıb.
Holann ən maraqlı alışları isə əlində spirtli içki şüşəsi olan yenot müqəvvası (750 dollar) və iki dələ fiquru olub. Dələlərdən biri şerif papağı ilə bəzədilib. Hər iki suvenirin qiyməti 450 dollar təşkil edib.
Qeyd edək ki, Norveç millisi dünya çempionatının 1/4 finalında İngiltərəyə əlavə vaxtda 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb./Qol.az

