Medianews.az
Azərbaycanda həbs qərarları fərqli üsulla çıxarılacaq -
112 baxış

Azərbaycanda həbs qərarları fərqli üsulla çıxarılacaq - EKSKLÜZİV

Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinə görə, cinayət törətdiyinə şübhə yaranmış şəxsin tutulması 48 saatdan artıq çəkə bilməz. 48 saat ərzində tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxıb həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.

Təcrübə göstərir ki, istintaq orqanı bəzən tutulan şəxsi 48 saatlıq müddətin bitməsinə çox az qalmış məhkəməyə gətirir. Məhkəmə isə müddət başa çatanadək qərar verməlidir. Beləliklə, məhkəmə işə çox qısa zaman ərzində baxmağa məcbur olur ki, bu da qərarın bəzi hallarda tam və hərtərəfli araşdırma aparılmadan çıxarılması ilə nəticələnir.

Medianews.az xəbər verir ki, bütün bunları nəzərə alaraq Azərbaycanın Konstitusiya Məhkəməsinin Plenumu həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün 48 saatlıq müddətin istintaq orqanları və məhkəmələr arasında bölünməsinə ehtiyac yarandığı qənaətinə gəlib.

Plenumun aprelin 17-də çıxardığı qərarda Milli Məclisə bu istiqamətdə qanunvericiliyi təkmilləşdirmək və 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt bölgüsü aparmaq tövsiyə edilib.

Qərarda qeyd olunub ki, bir sıra xarici ölkələrin təcrübəsində bu məsələ məhz qanunvericilik qaydasında tənzimlənib. Məsələn, Rusiyada da Azərbaycandakı kimi məhkəmə qərarı olmadan şübhəli şəxsin tutulması 48 saatdan artıq çəkə bilməz. Amma Rusiya qanunvericiliyinə görə, şübhəli şəxs barəsində vəsatət qaldırıldığı halda istintaq orqanı tutulma müddətinin, yəni 48 saatın başa çatmasına ən geci 8 saat qalmış hakimə müraciət etməlidir.

Qazaxıstanda da oxşar vaxt bölgüsü var. Qazaxıstanda cinayət törədilməsində şübhəli bilinən şəxsin tutulma müddəti 72 saatdan artıq ola bilməz. Amma Rusiyadakı kimi Qazaxıstanda da prokuror həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatı tutulma müddətinin başa çatmasına ən geci 8 saat qalmış hakimə verməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycanda da 48 saatlıq müddəti istintaq və məhkəmə orqanları arasında bölmək lazımdır. Bu isə yalnız qanunvericiliyə düzəliş edilməsi ilə mümkündür, yəni Milli Məclisin səlahiyyətindədir.

Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun aprelin 17-də çıxardığı qərar ölkədə həbs qətimkan tədbirinin seçilməsi məsələsində qoyulmuş 48 saatlıq müddətin istintaq orqanları ilə məhkəmələr arasında bölünəcəyindən, bu sahədə yeni qanun layihəsinin hazırlanacağından xəbər verir.

Xatırladaq ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarları qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun