Medianın İnkişafı Agentliyinin qərarına görə, 2026-cı ilin ilk yarısında 16 qəzetin həftədə bir nömrəsinə vəsait ayrılacaq. Altısı 2026-cı ilədək həftədə beş yol çıxmış həmin nəşrlərin dördü (“525-ci qəzet”, “Bakı xəbər”, “Şərq”, “Yeni Müsavat”) bu ildən həftəlik kimi işıq üzü görəcək.
Medianews.az bildirir ki, “Yeni Müsavat” çərşənbə günü, “525-ci qəzet”, “Bakı xəbər” və “Şərq” cümə günü çap olunacaq.
2026-cı ilədək həftədə beş dəfə nəşr edilmiş “Səs” qəzeti isə indən belə həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü köşklərə çıxacaq.
“Yeni Azərbaycan” gündəlik nəşr kimi qalır, bazar və bazar ertəsindən başqa hər gün köşklərdə olacaq.
Rus dilində çıxan “Novoye vremya” da dövriliyində dəyişiklik etməyib, əvvəlki qaydada həftədə dörd yol (çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə) oxucuların görüşünə gələcək.
Medianın İnkişafı Agentliyindən maliyyə alan başqa nəşrlər - “Ədalət”, “Həftə içi”, “Hərbi and”, “Xalq Cəbhəsi”, “Olaylar”, “Türküstan”, “Unikal” qəzetləri, rusdilli “Nedelya” və ingilisdilli “Azernews” həftəlikdir.
Aylıq maliyyə dəstəyi çap versiyası üçün 5 min manat, internet versiyası üçün 3 min manatdır.
Toğrul Əli,
Medianews.az