Avqustun 21-də Azərbaycana internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirildi, nəticədə ölkəmizdə bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr yarandı.
Elə həmin gün özünü “Python Squad” adı ilə təqdim edən haker qrupu “Azərbaycan Dəmir Yolları”na kiberhücumlar həyata keçirdiyi barədə sosail şəbəkədə məlumat yayıb.
Bu məlumat nə dərəcədə doğrudur? Avqustun 21-i “Azərbaycan Dəmir Yolları” kiberhücuma məruz qalıbmı? Kiberhücum olubsa, bu, Dövlət Dəmir Yollarının fəaliyyətində problem yaradıbmı?
Medianews.az saytı bu suallarla “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyevə müraciət edib.
Bəxtiyar Hacıyev deyib ki, avqustun 21-i “Azərbaycan Dəmir Yolları” QSC-nin veb-saytına, eləcə də “ADY Mobile” mobil tətbiqinə kiberhücum həyata keçirilib: “Nəticədə həmin platformalar üzərindən bəzi əməliyyatlar, o cümlədən bilet satışında texniki çətinliklər qeydə alınıb.
Kiberhücumun qarşısının alınması üçün təcili tədbirlər görülüb, ADY-nin sayt və mobil tətbiqinin, ümumulikdə bütün rəqəmsal resurslarının normal fəaliyyəti təmin edilib”.
Nailə Qasımova,
Medianews.az