Medianews.az
Avanesyan kimdir, hara bağlıdır? Məqsədi nə olub? Niyə tədbir yerinə can atırmış? -
3,237 baxış

Avanesyan kimdir, hara bağlıdır? Məqsədi nə olub? Niyə tədbir yerinə can atırmış? - DEPUTAT

“Sentyabrın 14-ü Xankəndidə Qarabağ Universitetinin Klinikasının, tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı günü silahlı təxribat törətmək cəhdində suçlandırılaraq həbs edilən Karen Avanesyan kimdir, hara bağlıdır? "Təxribat" özü geniş anlayışdır, bir nəfər polis əməkdaşını da yaralayan bu adamın əsas məqsədi nə olub? O, niyə tədbir yerinə can atırmış? Əminəm ki, gec-tez bununla bağlı rəsmi açıqlama olacaq”. Milli Məclisin deputatı Sahib Alıyev Medianews.az-a belə deyib.

Deputat daha sonra əlavə edib: “Ona da əminəm ki, son üç ayda böyrümüzdə 3 dəfə hərbi təlim keçirənlər, kontrolları altındakı revanşistlər, daşnaklar və digər törtökuntülər Karen Avanesyandan qəhrəman, yaxud da qurban düzəltməyə cəhd edəcəklər. Yəni bu olay ətrafında geniş informasiya təxribatına əl atacaqlar, bəlkə həm də nələrisə ört-basdır etmək üçün.

Bütün hallarda sentyabrın 14-dəki olay dövlət və millət olaraq sayıqlığımızı daha da artırmamızı tələb edir. Xankəndidə klinikayla tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı günü baş verənlər göstərir ki, avanesyanları bizə nifrət ruhunda bəsləyənlər, onları əbədi düşmənçiliyə, terrora yoluxduranlar elə də qalmaları, sağalmamaları üçün bacardıqlarını edəcəklər. Və belə hiss olunur ki, Qarabağda gedən quruculuq işləri onları torpaqlarımızın işğaldan qurtarılmasından heç də az qıcıqlandırmır. Biz bunu görməzdən gələ bilmərik.

Polisimizə ayıq və peşəkar davranışına görə vətəndaş olaraq təşəkkürümü bildirir, yaralı əməkdaşa şəfa diləyirəm!”

Xatırladaq ki, sentyabrın 14-də Xankəndi şəhərində 1967-ci il təvəllüdlü Karen Avanesyan ad-soyadlı şəxs tutulub. O, yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu dörd sandıqcanı, eləcə də beş qumbaranı götürüb Xankəndidə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən saxlanıb. Bu zaman K.Avanesyan üç əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) birgə cinayət işi qaldırıb, əməliyyat-istintaq tədbirləri aparılır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun