Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-oktyabr aylarında Azərbaycanda 106,4 milyard manatlıq, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib, neft-qaz sektorunda 2,1 faiz azalma, qeyri-neft/qaz sektorunda 3,1 faiz artım qeydə alınıb. Adambaşına ÜDM 10392,6 manat göstərilir.

Medianews.az xəbər verir ki, sənayedə 1,2 faiz geriləmənin (neft-qaz sektorunda 2,2 faiz azalma, qeyri-neft/qaz sektorunda 4,9 faiz yüksəliş), kənd təsərrüfatında 1 faiz artımın (heyvandarlıqda 0,4 faiz, bitkiçilikdə 1,5 faiz) rəsmiləşdiyi bildirilir.
Açıqlamaya əsasən, investisiya qoyuluşunda 1,3 faiz, informasiya və rabitə xidmətlərinin həcmində 8,5 faiz, nəqliyyat sektorunda yük daşınması üzrə 2,3 faiz, sərnişin daşınması üzrə 5,3 faiz artım olub.
İstehlak qiymətlərinin 5,7 faiz yüksəldiyi, qida məhsulları, içkilər və tütün məmulatlarının 6,9 faiz, qeyri-qida mallarının 2,6 faiz, ödənişli xidmətlərin 6,6 faiz bahalaşdığı, muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının oktyabrın 1-nə 1087,7 manata çatdığı, əhalinin gəlirlərinin nominal ifadədə 8,1 faiz artdığı xəbər verilir.
Qeyd olunur ki, on ayda dövlət büdcəsinə 32 milyard 891,4 milyon manat gəlib, büdcədən 27 milyard 720,6 milyon manat xərclənib.
Toğrul Əli,
Medianews.az