ABŞ-də gənc ana iki azyaşlı uşağını park edilmiş avtomobildə qoyaraq gözəllik salonuna gedib. 1 yaşlı oğlu avtomobildə istindən ölüb.
Medianews.az xəbər verir ki, uşağının ölümünə səbəb olduğuna görə anaya 15 il həbs cəzasına verilib.
20 yaşlı Maya Hernandez Kaliforniya ştatının Beykersfild şəhərində baş verən hadisə ilə bağlı məhkəmə qarşısına çıxarılıb. O, birinci dərəcəli qətl ittihamının götürülməsi qarşılığında ehtiyatsızlıqdan adam öldürmə ittihamını qəbul edib.
İstintaq materiallarına görə, hadisə 29 iyun 2025-ci ildə baş verib. Hernandez dodaq dolğusu etdirmək üçün gözəllik salonuna gedərkən 1 yaşlı oğlu Amilio Qutyerres və 2 yaşlı digər övladını avtomobildə, uşaq oturacaqlarına bağlanmış vəziyyətdə qoyub.
Təxminən iki saat sonra avtomobilə qayıdan ana 1 yaşlı körpəni huşsuz vəziyyətdə tapıb. Bədən temperaturu 41 dərəcəyə çatan uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Avtomobildə olan 2 yaşlı uşağın isə sağ qaldığı bildirilib.
Araşdırma zamanı məlum olub ki, avtomobilin kondisioneri işlək vəziyyətdə qoyulsa da, təhlükəsizlik sistemi mühərriki təxminən bir saat sonra avtomatik söndürüb. Nəticədə uşaqlar uzun müddət isti avtomobildə qalıb. Hadisə günü bölgədə havanın temperaturu təxminən 38 dərəcə olub.
Məhkəmə qərarından sonra açıqlama verən körpənin atası 15 illik həbs cəzasının yetərli olmadığını bildirərək ədalətin tam təmin olunmadığını deyib.
Medianews.az