Almaniyanın Münhen şəhərində rekord istilər və uzun sürən quraqlıq səbəbindən su təchizatı ilə bağlı fövqəladə vəziyyət elan edilib.
Medianews.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
Məlumata görə, yüksək temperatur və yağıntı çatışmazlığı nəticəsində yeraltı su ehtiyatlarının səviyyəsi kəskin azalıb. Mövcud vəziyyətlə əlaqədar Münhen merinin müavini Dominik Krause qalan su ehtiyatlarının qorunması məqsədilə xüsusi işçi qrupunun yaradıldığını açıqlayıb.
"1970-ci illərin əvvəllərindən bəri görünməmiş vəziyyətlə üz-üzəyik. İsti hava səbəbindən suya tələbat kəskin artıb və bu, şəhərin su təchizatı sistemini maksimum həddə çatdırıb. Buna görə də dərhal suya qənaət tədbirlərini tətbiq edirik", – deyə Krause bildirib.
Şəhər rəhbərliyi hesab edir ki, tətbiq olunacaq məhdudiyyətlər su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Bu məqsədlə Münhendə fəaliyyət göstərən 56 fəvvarənin iş vaxtı gündə 14 saatdan 10 saata endiriləcək.
Hakimiyyət orqanlarının hesablamalarına görə, bu tədbir fəvvarələrin su istehlakını təxminən 43 faiz azaltmağa kömək edəcək./Ajans.az