Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığı) 14-15 fevral tarixlərində mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiya ilə birlikdə sökülərək yerində yenisinin quraşdırılması işləri ilə əlaqədar aeroport yolunda məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Medianews.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metro stansiyası istiqamətində, 15 fevral tarixində isə həmin saatlarda "Koroğlu" metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.
Məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.