Bəzi hallarda artıq çəki yalnız qidalanma və həyat tərzi ilə bağlı olmur və bunun arxasında müxtəlif xəstəliklər dayana bilər. İnsan eyni qida rejimini saxladığı halda belə çəkisinin artdığını müşahidə edə bilər ki, bu da ciddi sağlamlıq siqnalı sayılır. Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, mütəxəssislər belə hallarda bir sıra xəstəlik və pozuntuların çəki artımına səbəb olduğunu bildirirlər. Həkimlərin sözlərinə görə, bu vəziyyətlərdə orqanizmin maddələr mübadiləsi dəyişir və enerji balansı pozulur. Nəticədə insan əvvəlki kimi qidalansa belə, bədən çəkisi artmağa başlayır.
Mütəxəssislər qeyd edirlər ki, ən çox rast gəlinən səbəblərdən biri endokrin pozğunluqlardır. Xüsusilə qalxanabənzər vəzin zəif fəaliyyəti maddələr mübadiləsini ləngidir və bu da çəki artımına gətirib çıxarır. Bu zaman insan tez yorulur, üşüyür və bədəndə ödem yaranır. Həmçinin kortizol hormonunun artıqlığı ilə müşayiət olunan vəziyyətlərdə piy əsasən üz, boyun və bədən nahiyəsində toplanır. İnsulinə qarşı həssaslığın azalması da şəkərin yağ hüceyrələrində toplanmasına səbəb olaraq iştahanı artırır. Qadınlarda isə yumurtalıqların polikistozu da tədricən çəki artımına gətirib çıxaran mühüm amillərdən biri hesab olunur.
Digər bir qrup səbəblər sinir sistemi ilə bağlı xəstəliklərdir. Beynin müəyyən hissələrinin zədələnməsi aclıq hissinin və maddələr mübadiləsinin tənzimlənməsini poza bilər. Bu isə qısa müddətdə sürətli çəki artımına səbəb olur. Psixoloji problemlər, o cümlədən depressiya və təşviş halları da insanın daha çox qida qəbul etməsinə və fiziki aktivliyin azalmasına gətirib çıxarır. Nəticədə çəki artımı qaçılmaz olur.
Bəzi hallarda çəki artımı istifadə olunan dərman preparatları ilə də bağlı ola bilər. Müəyyən psixotrop dərmanlar, bəzi antidepressantlar və hormonal preparatlar iştahanı artıraraq maddələr mübadiləsini dəyişdirə bilir. Eyni zamanda bəzi şəkər xəstəliyi dərmanları və iltihabəleyhinə vasitələr də bədəndə maye toplanmasına səbəb olur. Bu isə çəkidə artım kimi özünü göstərir.
Həkimlər bildirirlər ki, ürək və böyrək çatışmazlığı kimi xroniki xəstəliklərdə də çəki artımı müşahidə oluna bilər. Bu hallarda artım əsasən bədəndə mayenin yığılması ilə əlaqəli olur. Bundan əlavə, oynaq və onurğa problemləri hərəkəti məhdudlaşdıraraq enerji sərfiyyatını azaldır və nəticədə çəki artır. Xroniki stress və yuxu pozuntuları da bu prosesə təsir edən mühüm amillər sırasındadır. Bu zaman orqanizmdə hormon balansı dəyişir və qarın nahiyəsində piy yığılması sürətlənir.
Mütəxəssislər vurğulayırlar ki, səbəbsiz çəki artımı müşahidə edilərsə, mütləq tibbi müayinədən keçmək lazımdır. Xüsusilə qısa müddətdə bir neçə kiloqram artım və əlavə olaraq halsızlıq, ödem, nəfəs darlığı və hormonal dəyişikliklər müşahidə olunarsa, bu vəziyyət diqqətdən kənarda qalmamalıdır. Belə hallarda yalnız pəhriz deyil, kompleks müayinə və düzgün diaqnoz əsas rol oynayır. Erkən diaqnoz və düzgün müalicə ilə çəki artımının qarşısını almaq və sağlamlığı qorumaq mümkündür.//Foodinfo.az