ABŞ mətbuatında yayılan iddialara görə, Vaşinqton administrasiyası İrana qarşı yeni hərbi plan hazırlayır. Plan çərçivəsində əsas hədəfin Hörmüz boğazındakı İran hərbi obyektləri və imkanları ola biləcəyi bildirilir.
Medianews.az ABŞ-nin CNN International telekanalına istinadən xəbər verir ki, Pentaqon İranın Hörmüz boğazındakı mövqelərinə yönəlmiş müxtəlif hücum variantlarını nəzərdən keçirir.
Məlumata əsasən, hücumlarda İranın bölgədəki təsirini qoruyan vasitələr, o cümlədən İnqilab Keşikçiləri Korpusunun(SEPAH) sürətli hücum katerləri və mina döşəyən gəmiləri əsas hədəflər sırasındadır.
Xəbərdə qeyd olunur ki, alternativ planlardan birində İranın hərbi rəhbərliyinin də hədəfə alınması ehtimalı var. Bundan əlavə, ABŞ-nin İranın raket ehtiyatları və buraxılış qurğularına qarşı əməliyyatları yenidən başlada biləcəyi vurğulanır.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana hücumu ilə başlayan qarşıdurmadan sonra aprelin 8-də iki həftəlik müvəqqəti atəşkəs əldə olunmuşdu. Aprelin 11-də Pakistanda keçirilən danışıqlar nəticəsiz başa çatmışdı. Pakistanın vasitəçiliyi ilə aparılan növbəti görüş cəhdləri də tərəflər arasındakı fikir ayrılıqları, xüsusilə ABŞ-nin tətbiq etdiyi dəniz blokadası səbəbindən uğursuz olub.
ABŞ prezidenti Donald Tramp atəşkəsin uzadıldığını açıqlasa da, İran bu qərarla bağlı hələlik rəsmi mövqe bildirməyib.
Medianews.az