İstedadların inkişafına kömək göstərən ABB ənənələrinə sadiq qalaraq gənc şahmatçı Xaqan Əhmədə də dəstək verməyə başlayıb.
Medianews.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Bank Xaqan Əhmədin fərdi məşqçilərlə hazırlığına, beynəlxalq yarışlarda iştirakına yardım edəcək.
14 yaşlı şahmatçımız Xaqan Əhməd ötən ilin noyabrında Monteneqroda keçirilmiş Avropa çempionatında qızıl medal qazanaraq çempion olub. Bundan əvvəl isə o, iyunda Londonda keçirilmiş komandalararası rapid üzrə dünya çempionatında ABŞ-dan olan məşhur qrossmeyster, dünya reytinqində ikinci yerin sahibi Hikaru Nakamuranı məğlub etməsi ilə yadda qalıb. İstedadlı şahmatçının qarşısında böyük hədəfləri var, ABB-nin dəstəyi ona hədəflərinə çatmaqda kömək göstərəcək.
Bankın tərəfdaşlığı ilə Xaqan Əhmədin ilk yarışları fevralda kişilər arasında keçiriləcək Azərbaycan çempionatı və apreldə Polşada keçiriləcək Avropa birinciliyi olacaq.