Ötən ilin iyununda Ukraynanın Rusiya ərazisində təşkil etdiyi "Hörümçək toru" əməliyyatında iştirak edən rusiyalı sürücülər məhkəmə qarşısına çıxarılıblar və məhkəmə onların həbs müddətini uzadıb.
Medianews.az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi 55 yaşlı Mixail Ryumin və 47 yaşlı Sergey Kanurin "əvvəlcədən sui-qəsd yolu ilə bir qrup şəxs tərəfindən ciddi ziyana səbəb olan terror aktı törətmək”də ittiham olunurlar.
Onlar ölkənin bir neçə bölgəsindəki Rusiya hərbi aerodromlarına dron hücumlarından dərhal sonra saxlanılıblar.
Ryumin və Kanurindən əlavə, müstəntiqlər sürücülər Aleksandr Zaytsev və Andrey Merkuryevi "mütəşəkkil qrup"a daxil ediblər.
Müstəntiqlərin sözlərinə görə, təşkilatçılar Artyom Timofeyev, Yekaterina Timofeyeva və axtarışda olan Borisovski (adı açıqlanmayıb) adlı şəxs olub. Onlar taxta çərçivəli evlərin konstruksiyalarında gizlədilən kamuflyajlı dronları daşımaq üçün sürücüləri işə cəlb ediblər.
Yük maşınları hərbi aerodromların yaxınlığında olarkən dronlar uzaqdan işə salınıb. Nəşrin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi dəyən ziyanı təxminən 2 milyard rubl qiymətləndirib.
Ryumin və Kanurin təqsirlərini etiraf edirlər, ancaq yükün tərkibindən xəbərsiz olduqlarını və "kor-koranə istifadə edildiklərini" bildirirlər. Onların vəkilləri bildirirlər ki, bu şəxslər, sadəcə, yanlış vaxtda yanlış məkanda peyda olublar, ona görə də0 onlara yüngül həbs cəzası verilməlidir.
Məhkəmə vəkillərin tələbini rədd edib və onların həbs müddətini 2026-cı ilin may ayına qədər uzadıb. Sürücülərə 20 ilə qədər həbs cəzası verilə bilər.
“Kommersant” qəzetinin yazdığına görə, 30 yanvarda Basmannı məhkəməsi daha iki sürücünün həbs müddətinin uzadılması ilə bağlı vəsatətlərə baxacaq. Qəzet qeyd edir ki, beşinci sürücü Vasili Pıtikov "Hörümçək toru" əməliyyatı zamanı həlak olub.
Xatırladaq ki, 2025-ci ilin iyun ayının 1-də Ukrayna dronları (117 ədəd) Rusiyanın dörd strateji aviasiya aerodromuna - Dyagilevo, Olenya, İvanovo və Belayaya hücum edib. Dronlar damları avtomatik olaraq geri çəkilən qoşqulardakı çərçivəli evlərdən havaya qalxıb və hədəfə doğru uçub.
Ukrayna tərəfi həmin əməliyyat zamanı 41 Rusiya təyyarəsinin vurulduğunu bildirib.
Əməliyyatdan sonra Ukrayna prezidenti Vladimir Zelenski yük maşını sürücülərinin hücum barədə heç nə bilmədiklərini deyib. Ancaq indi yaxası əldə qalan məhz sürücülərdir.