Medianews.az
9 gündə 14 ölüm:
61 baxış

9 gündə 14 ölüm: Naməlum epidemiya başladı

İtaliyanın Toskana bölgəsində, Arezzo əyalətində yerləşən kiçik Kastilyon-Fyorentino şəhəri 2026-cı ilin ilk günlərində kəskin və izahı çətin olan ölüm artımı ilə üzləşib.

Medianews.az xarici mediaya istinadla xəbər verir ki, əhalisi 13 mindən az olan bu bələdiyyədə yanvarın 1–9-u aralığında 14 nəfər həyatını itirib.

Yerli sakinlər və şəhər rəhbərliyi ciddi narahatlıq keçirir. Çünki belə bir sıçrayış hətta COVID-19 pandemiyasının ən ağır dövrlərində belə müşahidə olunmayıb.

Məlumata görə, şəhərin meri Mario Anyelli bildirib ki, dəfn xidmətləri artıq fövqəladə rejimdə çalışır, mərhumlarla vida üçün nəzərdə tutulan məkanlar isə dolub.

“Miserikordiy ibadətgahında tabutların yerləşdirildiyi dörd yer tam dolmuşdu, daha iki cəsəd isə katafalkda gözləyirdi. Bəzi ailələr növbəyə dayanmağa məcbur qaldı... 12 illik fəaliyyətim ərzində belə bir vəziyyətlə qarşılaşmamışdım”–  mer bildirib.

Merin sözlərinə görə, oxşar narahatedici dinamika Arezzo əyalətinin digər yaşayış məntəqələrində də nəzərə çarpır. Lakin Kastilyon-Fyorentinoda vəziyyət daha kəskin xarakter daşıyır.

Statistika baş verənlərin anomallığını daha da aydın göstərir: 2025-ci il ərzində şəhərdə ümumilikdə 133 nəfər ölüb. Bu isə indiki göstəricilərin qısa müddət üçün misli görünməmiş olduğunu təsdiqləyir.

Məsələni daha da ağırlaşdıran amillərdən biri də demoqrafik balanssızlıqdır. Belə ki, ötən il şəhərdə cəmi 74 uşaq doğulub və bu rəqəm eyni dövrdə ölənlərin sayından demək olar ki, iki dəfə azdır.

Hazırda ölüm sayındakı kəskin artımın səbəbləri rəsmi şəkildə müəyyən edilməyib.

Həyatını itirənlərin böyük hissəsi 80–90 yaş aralığında olan yaşlı insanlardır və onların bir qismi onkoloji xəstəliklərdən əziyyət çəkirmiş.

Bəzi şəxslərdə ölüm öncəsi qripə bənzər simptomlar müşahidə edilsə də, hadisənin virus xəstəlikləri və ya tibbi səhvlərlə əlaqəsinə dair təsdiqlənmiş məlumat yoxdur.

Hakimiyyət orqanları ehtimal edir ki, şəhər yaşlı əhali arasında təbii ölüm hallarının pik mərhələsi ilə üzləşə bilər. Bu vəziyyət mövsümi xəstəlik artımı fonunda, o cümlədən K qrip ştammı ilə əlaqəli ola bilər.

Mer Mario Anyelli regional sanitariya xidmətindən rəsmi izahat gözlədiyini bildirib və vətəndaşları tələsik nəticə çıxarmamağa, panika yaratmamağa çağırıb.

Hazırda hadisə ilə bağlı araşdırma davam edir.

Bizə qoşulun