Medianews.az
Nə edək toy bizə toy tutmasın? -
132 baxış

Nə edək toy bizə toy tutmasın? - Sosioloq, hüquqşünas, həkim

Azərbaycan toylarında israfçılıq (aşıb-daşan süfrə) və səs-küy (musiqinin çox ucadan səsləndirilməsi) hər zaman müzakirə olunur, lakin heç nə dəyişmir: qiymət artsa da, menyu olduğu kimi qalır, musiqinin də səsi yenə adamın başına düşür.

Niyə belədir? Şadlıq saraylarıdırmı israfçılığı artıran? Yoxsa cəmiyyətdəki bəhsəbəhs, “ayıb olar” düşüncəsi israfçılığı körükləyir? Təmtəraqdan, israfdan uzaq toy təşviqi üçün hansı addımlar atılmalıdır?

Medianews.az-ın suallarını cavablandıran sosioloq Mail Yaqub deyir ki, kapitalizmin prinsipinə əsasən, tələblə təklif bir-birini tamamlayır: “Yəni tələb nədirsə, onu təklif elə, israf olacaq, ya olmayacaq - bunun məsələyə aidiyyəti yoxdur. Kapitalizm deyir ki, bir şeyə pul verilirsə, orada nə qədər israf olur-olsun, əsas odur alıcısı var.

Amma müasir iqtisadiyyatda yeni yanaşma ortaya çıxıb. Deyirlər ki, xeyr, nə olsun mən bunu təklif edirəm və tələbat var. İsrafdırsa, deməli, yolverilməzdir.

Azərbaycan toyları israfçılığa bariz nümunədir. Masada bir yer 100, 150, 200 manata, bundan da yuxarı qiymətə təklif olunur və alıcısı da var. Lakin tonlarla kabab zibil yeşiyinə atılır. Bəs bunun hesabını kim soruşacaq? Ölkədə bu qədər maddi çətinlik çəkən ola-ola belə israf biabırçılıqdır. Belə yerdə dövlətin nəzarəti lazımdır. Sən bazarı özbaşına buraxsan, kapitalizm, sərbəst bazar milyonları israf edəcək və bunu vecinə də almayacaq”.

Sosioloq qeyd edir ki, toy israfçılığının yeganə çarəsi inzibati yoldur: “Niyə toyda bir yer gəlib 200 manatı ötməlidir? Nə olsun ki, bunun pulunu verən var? Dövlət mütləq müdaxilə etməlidir. Başqa cür mümkün deyil. Bir limit qoyulmalıdır. Limitdən artıq, ondan yuxarı qiymət qoymaq yasaq edilməlidir. Norma qoyulmalıdır ki, toyda filan qədər isti yemək, filan qədər soyuq qəlyanaltı ola bilər.

Məclisdə yemək bolluğu bəy-gəlinin xoşbəxtliyinə dəlalət etmir. Bu, sadəcə, şöhrətpərəstlikdir. Dünyanın ən varlı ölkələrində bəzən toyda heç yemək verilmir. Adi şirniyyat süfrəsi olur, qonaqlar gəlir, bir-iki saat əylənir, bəylə gəlini təbrik edib gedirlər. İsrafçılıq nə dinimizə, nə milli mədəniyyətimizə, nə adət-ənənəmizə yaraşır”.

Azərbaycanda “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” rəsmiləşib. Sənəd yaşayış evlərində, ictimai binalarda və istirahət yerlərində səs təzyiqinin maksimum səviyyəsini tənzimləyir. Şadlıq saraylarının bu normalara əməl etməsinə nail olmaq üçün hansı tədbirlər görülməlidir?

Hüquqşünas Əkrəm Həsənov Medianews.az-a bildirir ki, səs-küy normadan çoxdursa, dövlət bu məsələyə nəzarət etməlidir: “Başa düşürük, çətindir. Vətəndaş şikayət etməlidir ki, dövlət gəlib tədbir görsün. Vətəndaş əksər hallarda şikayət etmir, şikayət olanda isə şadlıq sarayı yoxlayıcının cibinə pul basır, tədbir görülmür, camaat da müraciətin nəticəsiz qaldığını görüb ruhdan düşür”.

Hüquqşünas qeyd edir ki, dövlət toylarda israfçılıq məsələsinə müdaxilə edə bilməz: “Bu, insanların özəl həyatıdır və mental problemlərdir. Mədəniyyətimizin problemidir. Bizdə toy məclisləri daha çox özünü göstərmək, gözə soxmaq üçündür. Nə qədər çox adam olsa, o qədər yaxşıdır düşünüb dəvət edirlər, toyda heç kəs heç kəsi də tanımır.

Toy ailə quran iki gənc üçün olmalıdır, amma bəy-gəlin qalır qıraqda. Hətta imkanı az olan adam toya bahalı müğənnilər çağırır. Bu, israfçılıq deyilmi? Diski qoy, istənilən müğənniyə qulaq as da. Bunların hamısı özümüzü göstərmək üçündür... Gərək insanlara izah olunsun, maarifləndirilsinlər. Bu da təəssüf ki, yoxdur. Kim bu sahədə maarifləndirmə ilə məşğuldur ki?”

Məsələnin başqa tərəfləri də var. Toy mərasimi 5-6 saat çəkir. Bu qədər müddətdə qapalı məkanda normadan artıq səs-küyə məruz qalmaq, o cümlədən müxtəlif soyuq və isti yeməklərlə qidalanmaq hansı sağlamlıq problemlərinə yol aça bilər?

Medianews.az-a danışan terapevt Günel Cəfərova bildirir ki, qapalı məkanlarda normadan artıq səs-küy içində, soyuq və isti yeməklər bolluğunda qeyri-düzgün qidalanma sağlamlıq problemləri yaradır: “Bu kimi hallar insanların sinir sisteminə, eşitmə, həzm, ürək-damar sisteminə, psixoloji vəziyyətinə mənfi təsir göstərir. Yüksək diapazonlu səs-küy yalnız eşitmə problemləri deyil, psixoloji problemlər də yaradır. Davamlı səs-küy qanda stress hormonu olan kortizolun səviyyəsini artırır. Bu, ürək-damar xəstəliklərinə yol aça bilər.

Toylarda təqdim olunan soyuq salatlar, isti yeməklər də həzm orqanlarına mənfi təsir göstərə bilər. Məclislərin axşam saatlarında olması, ağır yeməklər həzm orqanları üçün əlavə yükdür. Bəzi qidaların soyuq, digər qidaların isti qəbul edilməsi mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilər. Soyuq qidalar ləng həzm olunur. Bu səbəbdən qida əvvəlcə bədən temperaturu səviyyəsində isidilməlidir. Soyuq qidaların həzmi başa çatmamış isti yeməklərin qəbuluna başlanması orqanizmi ikiqat yükləyir. Bu da günün sonunda ağırlıq hissi, diskomfort yaradır. Yekunda artıq çəki problemləri baş qaldırır”.

Həkim qeyd edir ki, bəzi qidaların bir neçə gün əvvəldən hazırlanıb uzun müddət soyuducularda saxlanması da problemlərə yol açır: “Qidaların qeyri-düzgün saxlanması və istehlakı zəhərlənmə təhlükəsi də yaradır. Müxtəlif qazlı, alkoqollu və ya alkoqolsuz içkilərin də yan təsirləri var. Yüksək şəkərli, qazlı içkilər qanda qlükozanı artırır və mədəaltı vəzi gücə salır. Qanda toplanmış artıq karbohidrat qaraciyər vasitəsilə yağ depolarına toplanır və piylənmə kimi fəsadlar yarada bilir.

Üstəlik bu qədər çox qida qəbul etmiş insanın bədənində dövr edən qan daha çox mədəyə doğru yönəlir. Nəticədə beyin-qan dövranı zəifləyir. Ona görə insanda süstlük yaranır. Günün sonunda, yəni toyların keçirildiyi saatlarda havasız, səs-küylü mühit kəskin baş ağrılarına, aqressiyaya və stressə gətirib çıxara bilər”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.

Bizə qoşulun