Medianews.az
Türk dövlətləri Azərbaycanın təklfinə nə cavab verəcək? 
365 baxış

Türk dövlətləri Azərbaycanın təklfinə nə cavab verəcək? 

“2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”. Bu sözləri Prezident İlham Əliyev 2025-ci il oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının zirvə toplantısında deyib.

Həmin çıxışında Azərbaycan Prezident vurğulayıb ki, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir: “Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir... Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.

2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bir daha bu məsələ qayıdıb: “Birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var...

Azərbaycan hərbi gücünü artırır. Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli, gərək sual verəsiniz “Kim bunu dəstəkləmədi?”. Amma mən ümid edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək”.

Medianews.az xatırladır ki, əsası 2009-cu ildə qoyulan Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası qurumda müşahidəçidir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr bu il Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təklifini qəbul edəcəkmi? Birgə hərbi təlimlər türk dövlətlərini hansı təhlükələrdən daha yaxşı sığortalanmasına gətirib çıxara bilər? Birgə təlimlərin rəmzi və praktik faydaları nələr ola bilər?

Medianews.az-ın suallarını cavablandıran hərbi ekspert Səxavət Məmməd bildirib ki, dünyada baş verən proseslərə baxdıqda dövlətlərin müəyyən formada qruplaşdığının şahidi oluruq. Onun sözlərinə görə, sanki müəyyən qütblər yaranır: “Düzdür, Azərbaycan Konstitusiyası imkan vermir ki, ölkəmiz hansısa hərbi bloka qoşulsun. Həmçinin Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Amma zaman dəyişib. Artıq nə beynəlxalq hüquqa baxan var, nə də beynəlxalq münasibətlər var. Prezident də dedi ki, indi önəmli faktor gücdür. Bəli, güc faktoru ön plana çox çıxıb. Ona görə nəinki Azərbaycan, digər türk dövlətləri də öz təhlükəsizliyini dərindən düşünməlidir. Türkiyə müəyyən mənada bunu təmin edə bilib. O mənada Türkiyə üçün problem yoxdur. Nəyə görə? Çünki Türkiyə NATO üzvüdür. Amma NATO-nun daxilində də bir sıra problemlər baş qaldırıb.

Digər türk dövlətlərinə gəldikdə, Qazaxıstan və Qırğızıstan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Amma bu o demək deyil ki, Qazaxıstanla Qırğızıstanın təhlükəsizliyinə ciddi zəmanət var”.

S.Məmməd qeyd edib ki, Türk Dövlətləri Təşkilatının üzvləri iqtisadi, mədəni əlaqələri inkifaş etdirir, bu əlaqələri hansısa formata gətirib çıxarır: “Təhlükəsizlik baxımından, hərbi sahədə də əməkdaşlıq çox vacibdir. Azərbaycan tərəfi birgə hərbi təlimlərin keçirilməsi üçün müraciət edib. Nədənsə bəzi türk dövlətləri bu məsələdə bir qədər çəkingən davranır. Ola bilsin, bəzisi hərbi blok içərsində olduğundan belə davranmaq məcburiyyətində qalır. Qeyd etdiyim kimi, Türkiyə NATO-nun, Qazaxıstan, Qırğızıstan isə KTMT-nin üzvüdür. Ancaq bu, Azərbaycanın təklif etdiyi birgə təlimə mane olmamalıdır. Hərçənd reallıqda bu maneə duyulur.

Azərbaycannın təklifi çox əhəmiyyətlidir. Hərbi blok üzvü olan türk dövlətlərinin də ordusunu gücləndirməsinə ehtiyac var. Arxayınlaşmamalıdırlar, hərbi güclərini artırmasalar ciddi təhdidlərlə üz-üzə qala bilərlər. Ruslar dəfələrlə bildiriblər ki, Ukrayna müharibəsindən sonra Qazaxıstanla məşğul olacaqlar. Bundan əlavə Mərkəzi Asiyada, faktiki olaraq Türkistan coğrafiyası deyilən bu ərazidə Avropa İttifaqı, ABŞ, Rusiya, Çin arasında yarış gedir. Bu bölgədə qarşıdurma, gərginlik var. Ona görə türk dövlətlərinin hamısı güclü olmağı bacarmalıdır. Azərbaycanın təklifi çox uğurlu variantdır. Dəyərləndirib-dəyərləndirməyəcəklərini indidən demək çətindir. Lakin hesab edirəm ki, Azərbaycan hazırkı dövr üçün çox aktual bir təklif irəli sürüb”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun