Medianews.az
“Mənim kimi özünə hörmət edən aktyorlar efirə çıxmır”-
152 baxış

“Mənim kimi özünə hörmət edən aktyorlar efirə çıxmır”- Özü balaca, sənəti böyük olan Aslan Fətullayevdən ETİRAF + FOTO

“1 ildən sonra 70 yaşım tamam olacaq. Əməkdar Mədəniyyət işçisi fəxri adım olduğuna görə teatrda çalışıram. Bizə güzəşt edirlər. Bu yaşımda belə Kukla teatrında səhnəyə çıxıram. Bu mənə zövq verir. Aktyor sənəti çox çətindir. Bu sənətin ən çətin tərəflərindən biri də uşaqlarla işləməkdir. Təsəvvürümə gətirmirəm ki, bir gün uşaqların qabağında çıxış etməyəcəm. Uşaqlarla o qədər təmasda olmağı sevirəm ki.. Məni demək olar ki, onlar yaşadır, onlar cavan saxlayır. 3-4 tamaşada oynayıram”

Bunu Medianews.az-a açıqlamasında Dövlət Kukla teatrının aktyoru, Əməkdar Mədəniyyət işçisi Aslan Fətullayev deyib.

O daha sonra efirlərdə ümumiyyətlə çıxmadığını bildirib: “Bu gün efirlərdə müasir tamaşaçı zövqünü oxşayan heç nə görmürəm. Hamısı bayağı, xoşagəlməz verilişlərdir. Mənim kimi öz sənətinə hörmət edən aktyor heç vaxt elə verilişlərə getməyib, getməyəcək də. Buna görə görünmürəm. Heç kimə rəva da bilmirəm”. 

Aslan Fətullayev səhhətindəki problemdən də danışıb: “Bir neçə gün əvvələ qədər Bilgəhdə Kardioloji sanatoriyada müalicə alırdım. Bir az səhhətimdə problem var idi. Hər il gəlirəm, ürək və təzyiq xəstəliyinə görə bir neçə kurs müalicə qəbul edirəm. Sonra yenə də teatra qayıtdım, tamaşamı oynadım”.

Aslan Fətullayev bildirib ki, hazırda sənətə, istedada yox, tapşırıqa önəm verirlər. ""Qətl günü”, “Qorxma, mən səninləyəm” və s. bir neçə filmdə çəkilmişəm. O vaxt istedada qiymət verirdilər. İstedadlıları dəvət edib çəkirdilər. Heç kim deyə bilməz ki, Aslan filmdə çəkilmək üçün kimdənsə nəsə xahiş edib. Amma bu gün fərqlidir. Kimin adamı varsa, kim sənəti bilmirsə onu çəkirlər. O qədər mənim kimi aktyorlar kənarda qalıb ki.. Bu həmişə belə olub və həmişə də olacaq” deyə aktyor bildirib.

Aktyor həmkarı Natiq Fərzəliyevin açdığı “Bakı Karlik” teatrından da danışıb: “Bu günlərdə sənət dostum, istedadlı aktyor Natiq Fərzəliyev “Bakı Karlik” teatrını yaratdı. Mən də onunla birlikdə çalışıram. Çox sevinirəm ki, Azərbaycanda belə bir teatr yarandı. 70-80-ci illərdə biz belə bir teatra açmaq istəyirdik, amma dəstək olan olmadı. Başqa ölkələrdə belə teatrlara böyük dəstək olurlar. Tələbat da var. Amma biz bu baxımdan kasadıq. Öz gücümüzə nəsə etməyə çalışacağıq”.

Əli Əsgər 

Medianews.az

Bizə qoşulun