ABŞ Prezidenti Donald Tramp qlobal münaqişələrin həlli üçün “Sülh Şurası” yaradılması təşəbbüsünü irəli sürüb. Bəzi mənbələr bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) alternativi kimi də qiymətləndirir.
Medianews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, Tramp quruma üzv olmaq üçün təxminən 60 ölkəyə dəvət göndərib. Hələ ki, dəvətə açıq və birmənalı müsbət cavab verən yeganə ölkə Trampın yaxın müttəfiqi sayılan Macarıstandır.
Digər hökumətlər hələlik açıq mövqe sərgiləməkdən çəkinir, Trampın şurasının BMT-nin işinə mane olacağı sarıdan narahatlıqlar isə anonim şəkildə səsləndirilir.
“Reuters” agentliyi “Sülh Şurası”nın nizamnamə layihəsini əldə edib.
Layihəyə əsasən, şuraya ömürlük sədrliyi Donald Tramp edəcək. Şura fəaliyyətinə Qəzza münaqişəsinin müzakirəsi ilə başlayacaq, daha sonra digər münaqişələrin müzakirəsinə keçəcək.
Üzv dövlətlərin mandatı 3 illə məhdudlaşacaq. Lakin şuranın fəaliyyətini maliyyələşdirmək üçün hər biri 1 milyard dollar ödəyən ölkələr daimi üzvlük qazana biləcək. Ağ ev “X” sosial şəbəkəsində yaydığı açıqlamada bunu, yəni daimi üzvlüyü “sülhə, təhlükəsizliyə və rifaha dərin sadiqlik nümayiş etdirən tərəfdaş ölkələrə” yaradılan məxsusi imkan kimi dəyərləndirib.
Cənubi Koreyada səfərdə olan İtaliyanın baş naziri Corciya Meloni jurnalistlərə ölkəsinin “öz payına düşəni etməyə hazır olduğunu” bildirib. Lakin onun konkret olaraq Qəzzanı, yoxsa daha geniş sülh təşəbbüsünü nəzərdə tutduğu aydın olmayıb.
Kanadanın baş naziri Mark Karni isə bazar günü bildirib ki, Trampın Qəzza üzrə “Sülh Şurası” ideyasını prinsip etibarilə qəbul edib, amma detallar hələ razılaşdırılır.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən ilin noyabr ayında Qəzza münaqişəsinə yönəlmiş “Sülh Şurası” mandatını təsdiqləyib. Lakin bu mandat yalnız 2027-ci ilə qədər qüvvədədir və sırf Qəzza ilə məhdudlaşır. Təhlükəsizlik Şurasında veto hüququna malik Rusiya və Çin qətnaməyə bitərəf qalıb, onlar sənədin BMT-yə Qəzzanın gələcəyində aydın rol vermədiyini əsas gətiriblər.
“Reuters” bildirir ki, “Sülh Şurası”na üzvlük üçün ölkələrə göndərilən dəvət məktubuna nizamnamə layihəsinin əlavə edilməsi bəzi Avropa hökumətlərində ciddi narahatlıq doğurub. Diplomatların fikrincə, bu şura Trampın tez-tez tənqid etdiyi BMT-ni zəiflədə bilər.
Bir diplomat “Sülh Şurası”nı “Tramp BMT-si” kimi xarakterizə edib.
Daha üç Qərb diplomatı “Reuters” açıqlamasında söyləyib ki, plan həyata keçsə, yeni şura BMT-ni kənara sıxışdıra bilər. Diplomatlar Trampın “Sülh Şurası”na gələcəkdə Qəzzadan kənar münaqişələr üzərində də nəzarət funksiyası vermək istədiyini təsdiqləyib. Tramp dəfələrlə bəyan edib ki, bir sıra beynəlxalq böhranların həllinə məhz o, nail olub.
Dəvət alanlar arasında Fransa, Almaniya, İtaliya, Macarıstan, Avstraliya, Kanada, Avropa Komissiyası və Yaxın Şərqin əsas gücləri var. Macarıstanın baş naziri Viktor Orban “X” şəbəkəsində yazıb: “Bu şərəfli dəvəti, təbii ki, qəbul etmişik”.
Layihədə vurğulanır ki, “dayanıqlı sülh praqmatik düşüncə, sağlam məntiqə əsaslanan həll yolları və dəfələrlə uğursuz olmuş yanaşma və institutlardan uzaqlaşmaq qətiyyəti tələb edir”. Eyni zamanda “daha çevik və effektiv beynəlxalq sülhyaratma qurumuna ehtiyac olduğu” qeyd olunur.
BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü “Reuters”in sualına cavab olaraq bildirib ki, Quterreş “üzv dövlətlərin müxtəlif qruplarda birləşməkdə sərbəst olduğuna inanır”. Baş katibin müavini isə əlavə edib: “BMT öz mandatı çərçivəsində fəaliyyətini davam etdirəcək”.
Nobel mükafatına iddialı olan Tramp məktubunda şuranın yaxın vaxtlarda toplanacağını bildirərək yazıb: “Bu şura bənzərsiz olacaq, indiyədək belə bir qurum olmayıb!”
BMT-nin daha bir yüksək vəzifəli rəsmisi plana birbaşa münasibət bildirməsə də vurğulayıb ki, irili-xırdalı bütün ölkələri bir araya gətirmək üçün mənəvi və hüquqi imkanlara malik yeganə institut məhz BMT-dir.
“Əgər biz bunu sual altına alsaq… çox, çox qaranlıq dövrlərə qayıdarıq” deyə BMT Baş Assambleyasının sədri Annalena Berbok “Sky News”a müsahibəsində bildirib və qərarın ayrı-ayrı dövlətlərin ixtiyarında olduğunu qeyd edib.
Tramp uzun illərdir çoxtərəfli institutlara, xüsusən də BMT-yə şübhə ilə yanaşır. O, beynəlxalq qurumların səmərəliliyini, xərclərini və hesabatlılığını dəfələrlə tənqid edərək onların tez-tez ABŞ maraqlarına xidmət etmədiyini deyib.
BMT-nin məlumatına görə, ABŞ təşkilatın müntəzəm büdcəsinin 22 faizini ödəməlidir və hazırda 1,5 milyard dollar borcu var.
Ağ ev ötən həftənin cümə günü “Sülh Şurası”nda yer alacaq bəzi şəxslərin adlarını açıqlayıb. Bildirilib ki, şura ötən ilin oktyabrından bəri kövrək atəşkəs şəraitində Qəzzada müvəqqəti idarəçiliyə nəzarət mərhələsindən sonra da fəaliyyətini davam etdirəcək.
Şuraya ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi elçisi Stiv Uitkoff, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer və Trampın kürəkəni Cared Kuşner daxil edilib.
Trampın planına görə, Fələstin administrasiyasına beynəlxalq şura nəzarət edəcək və Qəzzanın keçid dövründə idarə olunmasına rəhbərlik edəcək. Bu plana İsrail və HƏMAS da razılıq verib.
“Fikrimcə, proses Qəzza ilə başlayacaq, sonra isə münaqişələr yarandıqca davam edəcək” deyə Donald Tramp ötən həftə “Reuters”ə müsahibəsində bildirib.
Bir çox hüquq müdafiəçiləri və ekspertlər Trampın xarici ölkə ərazilərində idarəçiliyi həyata keçirəcək şuraya rəhbərlik etməsini müstəmləkəçilik modelinə bənzədir.
Ağ ev şura üzvlərinin konkret səlahiyyətlərini açıqlamayıb. Siyahıda fələstinlilərin adı yoxdur. Bildirilib ki, yaxın həftələrdə yeni üzvlər elan ediləcək.
Eyni zamanda Türkiyə və Qətərdən olan rəsmilərin də daxil olduğu 11 nəfərlik ayrıca “Qəzza İcra Şurası” var. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi isə bu şuranın tərkibinin İsraillə razılaşdırılmadığını və ölkənin siyasətinə zidd olduğunu açıqlayıb.