Tramp İran yetkililərinin etiraz aksiyalarında həbs olunan şəxslərin edam olunmayacağına dair Vaşinqtona zəmanət verdiyini açıqlamış və bu da məndə cənub qonşumuzda dəyişim prosesinin dinc yolla həyata keçirilməsi barədə razılıq əldə olunduğuna ümid yaratmışdı. Təxmin edirdim ki, İran mollakratiyası və ABŞ qanlı dəyişimin heç kimə faydalı olmayacağını anlayıb, ağılla hərəkət etməyə qərar veriblər. Bu gün yayılan məlumatlar isə məni məyus etdi.
Məlumata görə, bu gün Pentaqon Cənubi Çin dənizindəki bir təyyarədaşıyan gəmisini bölgəyə göndərməyə qərar verib. Gəminin “USS Abraham Lincoln” adlı təyyarədaşıyan olduğu xəbər verilir. “USS Abraham Lincoln”un əsas limanı Kaliforniyanın San Dieqo şəhərindəki NAS North Island-dır, hərbi mənsubiyyət olaraq ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Komandanlığına aiddir. Maraqlıdır ki, 2024-cü ilin avqust ayında İran və İsrail arasında gərginlik artdığı zaman da bu gəmi Yaxın Şərqə göndərilmişdi.
İddialara görə, təyyarədaşıyan gəmi təxminən bir həftə sonra öz mənzilinə çatacaq. “USS Abraham Lincoln”un flaqmanlıq etdiyi donanmaya ən azı 1 dənizaltı və bir neçə hərbi gəmi daxildir. Başqa təyyarədaşıyan gəmilərin də Hind okeanına doğru hərəkət etdiyi bildirilir.
Digər məlumata görə, İran hüquq mühafizə orqanları ölkənin sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifi və eks-prezident Həsən Ruhanini göz altına alıblar. Bu şəxslər islahatçı siyasilərdir və ABŞ-la münasibəti normallaşdırmaq xəttini tuturlar. İranın bu şəxsləri göz altına alması Tehranın da savaşın qaçılmaz olduğunu hiss etdiyindən və ABŞ-la razılığa gəlmədiyindən xəbər verir.
Bir başqa məlumata görə, ABŞ və Böyük Britaniya Qətər və körfəzin digər dövlətlərindəki hərbi aviasiyalarını çıxarıb. Bu, yəqin ki, körfəz ölkələrinin ABŞ-ın onların ərazisindən İrana zərbə endirməyə icazə verməməsi və həmin hərbi bazaların hücuma məruz qalmasını əngəlləməklə bağlı ola bilər.
İranın içindən də narahatedici siqnallar gəlməkdədir. Ölkənin qərbindəki Kirmanşah əyalətində kürd separatçılarının SEPAH-ın bir hərbi bazasını ələ keçirdiyi bildirilir. Bu barədə açıqlamanı Kürdüstan Azadlıq Partiyasının (İKP) hərbi qanadı olan Kürdüstan Milli Ordusu yayıb. Açıqlamaya görə, hücum ölkədə baş verən qarşıdurmalar zamanı İKP üzvlərinin öldürülməsinin qisasıdır və qiyamın davamı İranın digər bölgələrindəki hərəkətlənmələrdən asılı olacaq.
ABŞ-ın respublikaçı senatoru və Trampın “zəhərverən kərtənkələsi” olan Lindsi Qrahamanın İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi ilə görüşməsi də narahatedici məlumatlardandır. Xatırladım ki, bundan əvvəl Trampın müşaviri Uitkoff da şahzadə ilə görüşmüşdü. Uitkoffdan sonra Qrahamanın eyni addımı atması ABŞ-ın Rza Pəhləvi üzərində ciddi şəkildə durduğunu göstərir. Bəs, burada narahatedici amil nədir?
Fikrimcə, ABŞ-ın Rza Pəhləvi kartını işə salması İrandakı dəyişim prosesini dinc yolla həyata keçirmək istəməməsinin ən mühüm əlamətlərindən biridir. Çünki fars şovinisti olan Pəhləvi sülaləsinin varisini digər etnik qrupların qəbul etməsi mümkün deyil. Bu da istər-istəməz İranda etnik qarşıdurmalara və parçalanmalara gətirib çıxaracaq.
İranın parçalanması və etnik qarşıdurmalara səhnə olması isə təkcə bu ölkə üçün başağrısı deyil. Bilirsiniz ki, İranın cənub-şərqində bəluc, şimal-qərbində isə kürd separatçıları məskunlaşdırılıb. Hər ikisi region ölkələri üçün böyük problemlərin qaynağı ola bilər. Belə ki, bəlucların yaşadığı Bəlucistan İran, Əfqanıstan və Pakistan arasında bölünüb. Maraqlıdır ki, Pakistan əhalisinin cəmi 5%-ni bəluclar təşkil etsə də, onun 44% ərazisi Bəlucistana aiddir. Xəritədən də göründüyü kimi, Pakistanın yerə qalan ərazisi də xeyli mübahisələrlə doludur. İranda bəluclar müstəqillik qazanarsa, bunun təsiri Pakistandan da yan ötməyəcək, ümumiyyətlə bu ölkənin varlığı təhlükəyə düşəcək.
Bənzər fikirləri İranın Qərbi Azərbaycan ərazisində sonradan məskunlaşdırılan kürd separatçıları barədə də demək olar. Burada başlayan separatizm meyllərinin İraqa, Suriyaya və Türkiyəyə yayılmaq təhlükəsi var.
Bundan başqa, İranın orta qərb hissəsində ərəblər məskunlaşıb ki, onların da müstəqilləşmək idealları var. Dərd burasındadır ki, İranın təbii sərvətləri də məhz etnik qarşıdurmalarının yaşanacağı həmin ərazilərdə, xüsusilə Xuzistan və Bəlucistanda yerləşir.
Sual oluna bilər: ABŞ İranı içindən çıxılması mümkün olmayan bu qarşıdurmaya sürükləməklə nəyə nail olmaq istəyir?
Təbii ki, istəklərindən biri həmin ərazilərin təbii sərvətlərinə sahib çıxmaqdır. Amma ondan daha vacib bir səbəb də var – Çini enerji bazasından və keçid marşrutlarından məhrum etmək. Zira Birinci Adalar silsiləsi strategiyası ilə Çinin Sakit okeana, dolayısıyla həm də Hind okeanına çıxışının qarşısını alan ABŞ-ın bu planına qarşı Pekin özünün “Bir yol, bir kəmər” yarı su, yarı quru dəhliz strategiyasını həyata keçirir. Bu strategiyaya görə, Çin Pakistan üzərindən Oman körfəzinə və Ərəbistan dənizinə çıxaraq Yaxın Şərqə açılır. Üstəlik, İran və digər körfəz ölkələri onun əsas enerji təchizatı bazalarıdır. Bu ölkələrdə etnik qarşıdurmalar yaradaraq, ABŞ obrazlı şəkildə desək, Çinin enerji deposuna od vurmuş olacaq.
Çinin “Bir kəmər, bir yol” strategiyasının həm Cənub, həm də Orta dəhlizi Türkiyədən keçir. Məhz bu səbəbdən də ABŞ Zəngəzur dəhlizində indidən “lövbər salıb”. Məqsəd lazım olan anda bu dəhlizi bağlamaqdır.
Yuxarıda da qeyd etdiyim kimi, İranda başlayan etnik qarşıdurmaların Türkiyəyə də sıçrama ehtimalı var. Görünür, ABŞ-ın İranı parçalamaq siyasətinin əsas məqsədlərindən biri də budur.
Türkiyə, Pakistan və ərəb ölkələrinin bütün Yaxın Şərqi atəş çənbərinə çevirmə planına laqeyd qalması mümkün deyil. Bu onlar üçün həyati önəm daşıyır. Görünür, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və digər islam ölkələrinin bu siyasətin qarşısını almaq üçün vahid ordu yaratmaqdan başqa çarəsi qalmayacaq. Nə yazıq ki, bunu həyata keçirmək üçün İran da, Səudiyyə Ərəbistanı da gərək regionun qarşı-qarşıya qaldığı geosiyasi problemlərə islam vəhdəti prizmasından baxa. Bəs bunu edə biləcəklərmi? Bunu etmək üçün islam ölkələrini parçalamaqdan və məzhəb müharibələrinə sürükləməkdən başqa bir işə yaramayan şəriətçi siyasətdən vaz keçmələri lazımdır. Xüsusilə İran mollalarının və Səudiyyə vəhabilərinin bu məzhəbçi siyasətdən imtina etməsi asan görünmür. Çünki az qala 50 illik böyük günahlarını etiraf etməli və müsəlman xalqlar qarşısında hesab verməli ola bilərlər.
P.S. Yeri gəlmişkən, ABŞ-ın “Milli Təhlükəsizlik Strategiyası – 2025” adlı doktrinasında da açıq şəkildə göstərilir ki, İranın da yerləşdiyi Hörmüz boğazı 1950-ci illərdən fərqli olaraq, indi Vaşinqtona qətiyyən lazım deyil. Çünki ehtiyac duyduğu nefti özü hasil edir. Amma onu öz rəqiblərinə də ötürməyəcək, əks halda qlobal rəqabətdə onlara uduza bilər.
Heydər Oğuz
